YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-da Azərbaycanın çövkən oyununa həsr olunan sərgi açılıb

Mayın 6-da UNESCO-da Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu - çövkənə həsr olunan sərginin açılışı və məşhur fransız yazıçı və ekspert Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı olub.

Tədbir 2015-ci il mayın 16-da UNESCO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində qurumun iqamətgahında keçirilib.

Tədbiri açan UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez Heydər Əliyev Fonduna və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinə çövkənlə bağlı möhtəşəm sərginin keçirilməsinə görə təşəkkürünü bildirib. A.Perez Azərbaycan Respublikasının UNESCO-nun 2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın implementasiyasında aktiv rolunu yüksək qiymətləndirib.

Baş direktorun müavini çövkənin 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini Azərbaycan Hökumətinin qeyri-maddi irsin qorunmasına yüksək diqqətinin göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak etdiyini xatırladıb və ilk dəfə Azərbaycanın UNESCO tərəfindən tədbirdə dəyərli qonaq qismində iştiraka dəvət olunduğunu bildirib.

A.Kərimov çövkənin azərbaycanlıların özünəməxsusluğunun və xalqımızın mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib. O, qədim çövkən oyununun dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində, “Dədə Qorqud” dastanında və məşhur səyahətçilərin yazılarında əks olunduğunu diqqətə çatdırıb. Daimi nümayəndə çövkənin Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərin işğalı nəticəsində sözügedən at növünün artımı mürəkkəbləşib. Buna baxmayaraq, Qarabağ atlarının qorunması üçün dövlət tərəfindən tədbirlər görülür və çövkənin 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi onun qorunmasına əlavə təkan verib. Çövkən oyununun artıq Qarabağ ilə yanaşı, ölkəmizin digər regionlarında da yayıldığı diqqətə çatdırılıb. A.Kərimov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın dəyərlərinin təşviqində və müxtəlif sahələrdə layihələrə göstərdiyi dəstəyi qeyd edib və sərginin keçirilməsində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Daimi nümayəndəliyin rəhbəri “Qarabağ atı” kitabının müəllifi Jan-Lui Quroya gördüyü işə görə təşəkkürünü bildirib. Çövkən oyununun özündə həm mədəni irsi, həm də idmanı ehtiva etdiyini və bu iki elementin sülh və insanların yaxınlaşmasına xidmət etdiyini vurğulayan daimi nümayəndə ölkəmizin bu sahədə konkret fəaliyyətlərini qeyd edib. Bu yaxınlarda Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk Avropa Oyunları haqda məlumat qonaqların diqqətinə çatdırılıb.

Jan-Lui Quro çövkənin məhz Qarabağ atlarının üstündə oynanıldığını qeyd edib və onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmasının Azərbaycan üçün böyük bir uğur olduğunu vurğulayıb. Yazıçı qeyd edib ki, Azərbaycan Hökuməti tərəfindən Qarabağ atlarının qorunmasına və artmasına böyük qayğı göstərilir. O, Qarabağ atının dünyada 3 “təmiz qanlı” at növündən biri olduğunu vurğulayıb.

Sonda sərgidə iştirak edən UNESCO-da akkreditə olunmuş daimi nümayəndələrə, katibliyin təmsilçilərinə, Fransa ictimaiyyətinin nümayəndələrinə və jurnalistlərə “Qarabağ atı” kitabı paylanıb.

 

DİGƏR Xəbərlər Arxiv