YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Vətən müharibəsindəki qələbəmiz xalqımızın qəhrəmanlıq salnamasidir

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Anım Günü hər il müharibənin başlandığı gün - sentyabrın 27-də keçirilir və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad edilir, onların şücaəti və misilsiz qəhrəmanlıq salnamasi insanlara aşılanır.

27 sentyabr – Anım Günü ilə əlaqədar fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə Azərbaycan xalqı tarixin bütün dövrlərində üzləşdiyi çətin və keşməkeşli yollardan üzüağ çıxıb, öz mərdliyi, cəsarəti, qəhrəmanlığı ilə qüdrətini və qətiyyətini bütün dünyaya sübut edib. Dövlətimizin və xalqımızın ən ağır və ciddi sınaqlara, təhlükələrə məruz qaldığı vaxtlarda canını sipər edən oğul və qızlarımızın sayəsində bu gün dövlətimiz müstəqildir, azaddır. Qəhrəman övladlarımızın Vətənə bağlılığı, xalq, dövlət, torpaq sevgisi və onların müdafiəsi ən müqəddəs amalıdır. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də tariximizin qürur dolu qəhrəmanlıq səhifələrindən biridir. Müharibənin nəticəsi Azərbaycan dövlətinin və xalqının, ordumuzun qəhrəmanlığının, rəşadətinin sübutudur. Min illər keçsə də Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət daim xatırlanacaq və minnətdarlıqla anılacaq. Bu zəfər, eyni zamanda uzun illər idi ki, davam edən Vətən həsrətinin sonu, tapdaq altında inləyən tarixi torpaqlarımızın azadlığı idi. Xeyirin şər üzərində, ədalətin zülm üzərində təntənəsi idi. Bu tarix daim xatırlanmalıdır, təkcə soydaşlarımıza deyil, müharibənin həqiqətləri bütün dünyaya olduğu kimi, tam obyektiv şəkildə çatdırılmalıdır. Dövlətimiz və xalqımız bu missiyada da gücünü səfərbər etməli, məkrli niyyətlərindən və əməllərindən bir an belə əl çəkməyən ermənilərə informasiya müharibəsində də öz qətiyyətini göstərməlidir: “Tarixin səhifələrini vərəqlədikcə görürük ki, ermənilər Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik, işğalçılıq və etnik dözümsüzlük siyasətini davam etdirib. Onlar dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyalarını reallaşdırmaq, bir sıra ölkələrin ərazilərini zəbt etmək niyyətlərini zaman-zaman həyata keçirməyə cəhdlər ediblər. Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik xisləti isə miqyası və vəhşiliyi ilə daha çox seçilib. Ermənilər tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Çox təəssüflər olsun ki, ürəyində daim Azərbaycana qarşı məkrli düşmənçilik və işğalçılıq siyasəti bəsləyən ermənilər və havadarları üçün 1990-cı ilin əvvəlində yenicə müstəqillik əldə etmiş ölkəmizdəki xaotik vəziyyət əsl münbit şərait yaratdı. Azərbaycanın düşdüyü ağır vəziyyətdən, o zamankı hakimiyyət rəhbərlərinin yarıtmaz, anti-milli idarəçiliyindən sui-istifadə edərək torpaqlarımızı işğal etməyə müvəffəq oldular. Ermənilərin  bu işğalçılıq siyasəti düz 30 il davam etdi, 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin salındı”.

Rayon təşkilatının sədrinin sözlərinə görə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti, tarixi torpaqlarımızdakı etniktəmizləmə, vandalizm əməlləri nəticəsində ermənilər milli soy kökümüzü özündə əks etdirən yaşayış məntəqələrimizi, müxtəlif tarixi abidələrimizi və məscidlərimizi yerlə yeksan etmişdir. Azərbaycan isə bu illər ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsi istiqamətində səylərini davam etdirmiş, dəfələrlə Ermənistanla ikitərəfli və çoxtərəfli dialoqlara, danışıqlara gedərək, regionda müharibə riskinin qarşısının alınmasına və münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Hətta Azərbaycan torpaqlarının işğaldan dərhal azad edilməsi ilə bağlı bir sıra beynəlxalaq qərar və qətnamələrin olmasına baxmayaraq, beynəlxalq hüququ heçə sayan və icrasından boyun qaçıran Ermənistan bu sənədlərə məhəl qoymamış özünün vandalizm siyasətini hər il ən kəskin və sərt formada həyata keçirmişdir. Hətta bütün bu hadisələr beynəlxalq təşkilatların, dünya dövlətlərinin gözü qarşısında baş vermiş, beynəlxalq hüququn aliliyi təmin edilməmişdir: “Tam əksinə olaraq Ermənistan müxtəlif vaxtlarda, hətta getdikcə intensivləşən təxribatlarını davam etdirmiş, cəbhəboyu ərazilərimizdə, dinc vətəndaşlarımıza qarşı atəşkəsi pozaraq, günahsız insanların ölümünə səbəb olmuşdur. Bütün bunlar rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləridir. Ermənistanın sərhəd tanımayan təxribatları və beynəlxalq aləmin laqeydliyi münaqişənin hərbi yolla həllini qaçılmaz etmişdir. Qeyd edilənlər obyektiv tarixi faktlardır və bu faktların doğurduğu səbəblərdən irəli gələrək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini və təhlükəsizliyini qoruması üçün ciddi tədbirlər görməsi onun hüququdur”.

2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti geniş miqyaslı hərbi əməliyyatlara başlaması isə Azərbaycanın haqlı olaraq əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu. Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl qəhrəmanlıq və yenilməzlik göstərdi. Ermənistanın işğalçı ordusunu məhv edərək, ağır məğlubiyyətə uğratdı. Tarixi torpaqlarımız ordumuzun gücü və qüdrəti hesabına işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bununla da Azərbaycan dövləti, xalqı və ordusu öz birliyi, həmrəyliyi ilə dünyaya sübut etdi ki, bir qarış torpağını belə güzəştə getməyəcək. Azərbaycanın qələbəsi, həmçinin beynəlxalq hüququn qələbəsidir. Çünki işğaldan azad edilmiş torpaqlar beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınan Azərbaycanın əraziləridir: “Vətən müharibəsində qazandığımız qələbəmizdə canını fəda etmiş övladlarımızın əziz xatirəsini ehtiramla yad edir və onlara Allahdan rəhmət, bütün qazilərimizə şəfa diləyirik. Onların şücaəti və cəsarəti bizim qürur yerimizdir, and yerimizdir. Şəhidlərimizin vətənpərvərliyə hər kəs üçün əsl örnəkdir, onları daim xatırlamaq, yad etmək isə müqəddəs borcumuzdur. Dövlətimiz və xalqımız qəhrəman övladlarını heç bir zaman unutmur və unutmayacaq. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd edilməsi də şəhidlərimizə göstərilən dərin ehtiramın bariz nümunəsidir”.