YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Torpaq uğrunda ölən varsa Vətəndir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Müharibə dəhşətli bir nəsnədir. İnsanları bir-birindən ayıran, ailələri başsız qoyan, ocaqlar söndürən, millətin qaymağını, ən dəyərli, qeyrətli, vətənsevər övladlarını aparan, genefonda ağır zərbə vuran bir nəsnədir.

90-cı illərin əvvəllərində biz bunu yaşamışdıq. Uzun illər idi ki, onun xofundan qurtula bilmirdik. Doğrudur, yeni nəsil yetişirdi, dövlət həm iqtisadi, həm siyasi cəhətdən yetkinləşirdi. Ordu quruculuğu tam sürətlə gedirdi. Əsgər və zabitlərimiz dünyanın bütün bucaqlarına təlimlərə, təcrübə mübadilələrinə, təhsil ocaqlarına gedir, müdafiə sənayemiz inkişaf etdirilir, ən müasir silah-sursatlar alınırdı. Beynəlxalq platformalarda daima məqsədyönlü iş, tərəfdaşlar axtarışı, lobbiçilik fəaliyyəti aparılır, həm düşmən təbliğatının neytrallaşdırılması, həm də həqiqətlərimizin çatdırılması, qüvvələr nisbətinin xeyrimizə dəyişdirilməsi üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilirdi.  Amma bununla belə, hər bir məsələnin görünməyən tərəfləri - obrazlı desək “pandora qutusu” olduğu kimi, bizim problemimizin də həllinin lehimizə və əleyhimizə ola biləcək nyüanslarının olması möhtəməl idi.

“Pandora qutusu” idiomasını təsadüfən xatırlatmadım. Yunan mifologiyasına  görə bu qabın içində "gözlənilməz problemlər" də, “böyük ümüdlər də” olub. Rəvayətə görə, bu  qutu açılanda bayıra əvvəlcə problemlər çıxıb, ümüdlər qutunun dibində olub.

“Qutu” nəhayət açıldı, sentyabrın 27-də açıldı, sayı-hesabı bilinməyən təhriklərin sonunda açıldı. Səbr tükəndi, əsəblər tarıma çəkildi, amma açıldı. Gözlənildiyi kimi, problemlərlə açıldı, igidlərimizin qanı-canı bahasına, həyatı bahasına açıldı, yüzlərlə, minlərlə qəhrəman övladımızın rəşadəti, fədakarlığı sayəsində açıldı. Xalqımızın misli görünməmiş dəstəyi, Rəhbərimizin təkrarsız və bənzərsiz dəyanəti, cəsarəti və məharəti sayəsində açıldı. Qutunun dibindəki ümidə, zəfərə, yetişmək 44 gün sürdü. Ancaq bu 44 gün, 44 əsrə bərabər bir zaman kəsiyi oldu. Uzunluğuna görə deyil, əhəmiyyətinə görə. Bu xalq, bu millət artıq iki əsrə yaxın idi ki, qələbə görmürdü, zəfərə həsrət idi. Bəlkə də artıq gücünə inamı itmək üzrəydi. Onu özünə qaytardı.

Yazının əvvəlində müharibənin dəhşətli nəticələrini, gətirdiyi acıları, psixoloji sarsıntıları sıraladım. Bu doğrudur. Ancaq unutmayaq ki, müharibənin xeyirli tərəfləri də var. Müharibə - ədalətli, haqlı və qalibiyyətli müharibə millətdə özünə inam, düşmənə qorxu hissi təlqin edir, xalqı konsolidə edir, gələcək nəslin vətənpərvərlik ruhuna əvəzsiz stimul verir.  Millətin tarixini zənginləşdirir, həm fərdi, həm də kollektiv ruhu ümumi amal, ümumi məqsədlər ətrafında təmərküzləşdirir, səfərbər edir. Milləti tərbiyə edir, ağıllı, müdrik, cəsur Rəhbərin ətrafında sıx birləşdikdə hansı zirvələri fəth etmək mümkün olduğunu nümayiş etdirir.

Səbr, hədəfi unutmaq deyil, hər şeyi vaxtında, zamanında etməkdir. Nəyi, necə, nə zaman etməyin vaxtını, məqamını düzgün hesablamaqdır. Bunu əksi avantüradır – prinsipsiz, riskli, şübhəli və daha çox təsadüfi uğura ümidlə atılan addımdır. Azərbaycan xalqı seçimində yanılmadı, səbrində də yanılmadı. Rəhbər də yanılmadı. Həm xalqında, həm də siyasətində. Uzun illərin gərgin, ardıcıl, məqsədyönlü və müdrik siyasəti, nəhayət öz bəhrəsini verdi. 30 illik həsrətə son qoyuldu. Üçrəngli, müqəddəs bayrağımızın bu qədər seviləcəyini, bu qədər əziz tutulacağını təsəvvür edə bilməzdim. Bu sevgini artıran, onu ümumun malına çevirən, o bayrağı sinəsinə sıxıb  ölümə gedən igidlərimiz idi, ona sarılıb əbədiyyətə uğurlanan qəhrəmanlarımız idi, Xudayarlarımız, Poladlarımız, Pəncəlilərimiz,  Rəşadlarımız, Mübarizlərimiz idi. Bu bir Vətən sevgisi idi, Vətənin rəmzinə məhəbbətin təzahürü idi. Şair doğru deyib; “Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa Vətəndir”.