YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Başqa yol yoxdur!

İspaniyanın EFE informasiya agentliyi və “SWI swissinfo.ch”nin (İsveçrə İctimai teleradioyayım korporasiyasının / SRG SSR beynəlxalq onlayn-platforması) ispandilli versiyası Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun EFE agentliyinə müsahibəsini dərc edib.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Madriddə rəsmi səfərdə olan Ceyhun Bayramov ispaniyalı həmkarı Xose Manuel Albareslə, həmçinin bu ölkənin sənaye, ticarət və turizm naziri Mariya Reyes Maroto ilə keçirilən görüş zamanı müxtəlif sahələrdə, xüsusən energetika sferasında ikitərəfli məsələlər təhlil olunub.

Azərbaycanlı nazir müsahibəsində İspaniyanı energetika sahəsində əməkdaşlığın qurulmasında, xüsusən neft və qaz tədarükü baxımından çox yaxşı tərəfdaş adlandırıb.

Azərbaycan diplomatiyasının başçısı EFE agentliyinə müsahibəsində diqqətə çatdırıb ki, Azərbaycanda ispan şirkətləri fəaliyyət göstərir, bununla belə əməkdaşlıq üçün potensial daha yüksəkdir.

Nazir deyib: “Azərbaycan artıq çoxdan Avropa ölkələri üçün neft və neft məhsulları tədarükçüsü kimi etibarlı tərəfdaşdır, İspaniya Azərbaycandan xam neft alan ölkələrin ilk onluğuna daxildir. 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlindən başlayaraq, xüsusən də Avropada ən iri enerji layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə Azərbaycan, o cümlədən Avropa İttifaqı ölkələri üçün də etibarlı tərəfdaş və qaz tədarükçüsünə çevrilib”.

İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycandan qaz alan ilk Avropa ölkələri olduğunu qeyd edən C.Bayramov İspaniyanın bu layihəyə yenidən maraq göstərməsini, məhz “Trans Adriatic Pipeline” (TAP) AG konsorsiumunda səhmlərin 16 faizinə sahib olan “Enagas” (İspaniya) şirkətinin iştirakını alqışlayıb.

Azərbaycanlı nazir Avropa İttifaqına “yaşıl” enerjinin potensial tədarükü ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin gücünün artması kimi əməkdaşlığın digər istiqamətlərini də qeyd edib.

Nazir deyib: “Bu istiqamətdə Azərbaycan və İspaniya olduqca konkret və nəzərəçarpacaq əməkdaşlıq qura bilərlər. Çünki İspaniya bərpaolunan enerji mənbələri sahəsində özünün texnologiyaları ilə yaxşı tanınır”.

C.Bayramov Ukraynada hərbi münaqişənin siyasi-geosiyasi vəziyyətini də təhlil edib. Onun fikrincə, bu münaqişə siyasi-diplomatik kanallar vasitəsilə həll oluna bilər. “Hərbi qarşıdurma bitməlidir. Lakin biz deyəndə ki, münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır, əlbəttə, biz suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasını nəzərdə tuturuq”, - deyə nazir vurğulayıb.

Bununla bağlı C.Bayramov Azərbaycanın çox sıx münasibət saxladığı Türkiyənin vasitəçilik rolunu qeyd edib. O deyib: “Türkiyə çox mühüm sabitləşdirici rol oynayır, Ukrayna limanlarından taxılın ixracatına Rusiyanın qoyduğu qadağanın götürülməsinə kömək edib. Münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa cəhd göstərmək üçün əlaqə kanalları açıq qalmalıdır”.

Nazir EFE agentliyinə müsahibəsində Azərbaycanın Ermənistan ilə Vətən müharibəsindəki Qələbəsindən də söhbət açaraq, münaqişədən sonrakı mürəkkəb vəziyyəti qeyd edib: “Biz ümidvarıq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Hesab edirik ki, səhifəni çevirmək, münasibətləri normallaşdıraraq mehriban qonşuluq münasibətlərinə çevirmək üçün başqa yol yoxdur, lakin bundan ötrü öz öhdəliklərini yerinə yetirmək, eyni zamanda, beynəlxalq hüquqa hörmət bəsləmək lazımdır”.