YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional inkişaf naminə...

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir. Prezident İlham Əliyev həmin səfərlər zamanı keçirdiyi görüşlərdə və mühüm beynəlxalq tədbirlərdə çıxışlarında Cənubi Qafqazdakı mövcud reallıq barədə ətraflı məlumat verir, Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanın müharibənin başa çatmasından iki il vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaqdan yayındığını dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da ölkəmizin həm region, həm də dünya dövlətləri ilə əlaqələrinin dəyişməz olmasından, bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu inkişafından xəbər verir.

İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Prezident İlham Əliyevin bir neçə gün əvvəl bu ölkəyə reallaşan işgüzar səfəri beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu, İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin də diqqətindən yayınmayıb.

Bu səfər Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri hazırda da inkişaf etməkdədir. Dövlətimizin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən işgüzar səfəri yüksək səviyyədə keçdi. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşləri böyük maraq doğurdu. İtaliyanın “RAI” televiziya kanalında gün ərzində səfərlə bağlı müxtəlif reportajların yayımlanması da bundan xəbər verir. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bu sahədə ölkəmizin əhəmiyyətini və rolunu daha aydın şəkildə izah etdi. Bildiyimiz kimi, hazırda Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə diqqət mərkəzindədir. Beynəlxalq aləmin etiraf etdiyi kimi, ölkəmiz artıq regionun enerji mərkəzinə çevrilib. İndi dünyada bu istiqamətdə baş verən böhranın aradan qaldırılmasında Azərbaycanın malik olduğu potensial çox yüksək dəyərləndirilir. Bütün bunlar dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasətinin ən bariz göstəricisidir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin enerji böhranının yaşandığı bir dönəmdə Avropanın enerji təminatında əhəmiyyəti çox böyükdür. Onu da qeyd edim ki, bu layihənin reallaşdırılması ölkəmizin gücünü və qüdrətini bir daha ortaya qoyur. Layihənin uğurla həyata keçirilməsində Azərbaycan öz üzərinə düşən vəzifələri nümunəvi şəkildə icra edir, öz öhdəliklərinə hər zaman sadiqlik sərgiləyir və etibarlı tərəfdaş olaraq dünya dövlətləri tərəfindən təqdir olunur.

Əlaqələrimizin genişlənməsi baxımından təhsil sahəsinin önəmini xüsusi qeyd etmək lazımdır. Səfər zamanı bu məsələ də diqqət mərkəzində oldu. İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Sazişin imzalanması bu sahədə də əlaqələrimizin dinamik inkişafını təmin edəcək, iki ölkə arasında dostluq münsibətlərini möhkəmləndirəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qalib ölkə olan Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrasturukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, artıq Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə müəllifi olduğu dəyişməz reallıqlar bütün tərəflərin maraqlarına tam uyğundur. Biz bunu beynəlxalq təşkilatların, vəziyyətə münasibət bildirən dövlətlərin davranışlarından da aydın görürük. Azərbaycan işğala son qoymaqla regionu Ermənistanın yaratdığı çirkabdan çıxararaq sürətli inkişaf yoluna yönəldib. Bu, bütövlükdə region ölkələrinin siyasi-iqtisadi maraqlarına cavab verir. Məlumdur ki, sülh müqaviləsinin imzalanması üçün aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Dövlətimizin irəli sürdüyü 5 təklifdəki əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Məğlub Ermənistan Azəbaycan Prezidentinin siyasi qərarları ilə razılaşmaq məcburiyyətindədirlər. Çünki bu gün regionda diktəni Azərbaycan edir.