YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saud Nəşmi Əl-Hureyci: Küveyt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Mayın 1-də Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsindən, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindən söhbət açılıb. Azərbaycan ilə Küveyt arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu diqqətə çatdırılıb.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan ilə Küveyt arasında əlaqələrin inkişafında dövlət başçılarının böyük rolu var. Parlamentlərarası münasibətlər də inkişaf etməkdədir və bu cür görüşlərin keçirilməsi əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcək.

Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan erməni işğalçıları beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir. Z. Əsgərov dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səylər göstərilmədiyini təəssüf hissi ilə diqqətə çatdırıb. O, Küveytin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Hər iki ölkənin böyük iqtisadi potensialı olduğunu söyləyən Ziyafət Əsgərov iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureyci bildirib ki, keçirilən görüşlər parlamentlərarası əlaqələrin inkişafına töhfəsini verəcək. O vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Küveyt beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman Azərbaycanı dəstəkləyib. Saud Nəşmi Əl-Hureyci Azərbaycanda gördüyü inkişaf proseslərindən məmnun olduğunu qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv