YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk Avropa Oyunlarının akkreditasiya kartının və uniformasının verilməsinə başlanıb

Aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq möhtəşəm tədbir üçün akkreditasiya kartlarını və uniformalarını alıblar.

Rəsmilər “AFMall” Ticarət Mərkəzindəki Avropa Oyunlarının Uniformalar və Akkreditasiya Mərkəzində yerli media nümayəndələrinin müşayiəti ilə uniformalara və akkreditasiya kartlarına sahib olublar.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, ilk Avropa Oyunları Azərbaycanın bu günədək ev sahibliyi etdiyi ən böyük və çoxnövlü beynəlxalq idman tədbiridir. Oyunlar zamanı beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək və işçi heyətinin, könüllülərin öz uniformalarını qürurla geyəcəklərinə əminəm. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər. İlk Avropa Oyunlarına hazırlaşmaqla böyük yol keçərək təcrübə qazanmışıq. On yeddi min könüllünün qazanacağı zəngin təcrübə onların gələcək karyeralarında müsbət təsirini göstərəcək.

Ölkəmizin ilk Avropa Oyunlarını qəbul etməyə tam hazır olduğunu bildirən nazir yaxın günlərdə paytaxtın simasının “Bakı-2015”in atributları ilə zənginləşəcəyini və bayram ab-havasına bürünəcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, “Bakı-2015” zamanı Azərbaycana səfər edəcək əcnəbilər ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.

İlk Avropa Oyunlarının Azərbaycan üçün tarixi hadisə olduğunu bildirən Saymon Kleq deyib ki, dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniformaların və akkreditasiyaların artıq təmin olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım da yaxınlaşdırır.

Sonra yerli media nümayəndələrinə akkreditasiya kartlarının və uniformaların alınması prosesi haqqında məlumat verilib.

Uniformalar “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti “Bakı-2015” üçün 7 növdə ümumilikdə 110 min uniforma istehsal edəcək. Könüllülər də daxil olmaqla BEGOC-un bütün işçi heyəti uniformaları növbəti həftələr ərzində əldə edə biləcəklər.