YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərini orbitə çıxarmağı nəzərdə tutur

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə cıxarılması nəzərdə tutulur.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik ümumi yığıncağında məlumat verib.

Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Əlavə edib ki, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır. Ölkəmizdə kosmik tədqiqatlar Yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir.

Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var. Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkəmizdə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır.

Akademik bildirib ki, bu istiqamətlərdə Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasında müəyyən tədqiqatlar aparılır.