Xəbərlər
Vətənpərvərlik formulumuz

Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Linqvistikada “milli” kəliməsi ilə əlaqədar xeyli məfhum var: milli şüur, milli ideologiya, milli mənsubiyyət, milli ruh, milli irs, milli azadlıq, milli mədəniyyət, milli adət, milli musiqi, milli himn, milli bayraq, milli dövlət, milli mentalitet, milli ordu, milli iqtisadiyyat, milli dəyərlər, milli pul, milli mətbəx, milli gəlir, milli qoruq, milli park, və s. Hamısı da bir millətə, bir ölkəyə aid olan, məxsus olan mənasına gəlir. Amma bunların içərisində biri var ki, o olmadan digərləri heç bir əhəmiyyət daşımır. O da milli dildir.
Bəli, milli dil bir millətin etnik kimliyidir və “milli” termini ilə başlayan digər bütün faktorlar arasında əlaqələndirici xüsusiyyət kəsb edir. Bu ünsür həm milli şüurun, milli özünüdərkin, həm də bütün digər komponentləri özündə ehtiva edən coğrafi məkanın – milli dövlətin formalaşmasını təmin edən ən vacib elementdir.
Dilin funksionallığının azaldılması məqsədilə törədilən bütün əngəllərə baxmayaraq, Azərbaycan dilinin təhlükələrdən qorunmasına nail olunub ki, bu nəticənin əldə edilməsində Ümumilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etməmək olmaz.
1978-ci ildə Sovet Azərbaycanının Konstitusiya layihəsi müzakirə edilərkən məhz Heydər Əliyevin təşəbbüsü və israrı ilə bu Konstitusiyanın 73-cü maddəsi dəyişdirilib və Sovet Azərbaycanının dövlət dilinin Azərbaycan dili olduğu qeyd edilib. O zaman üçün çox böyük risq və cəsarət tələb edən bu qərarın qəbulu dilimizin inkişafında yeni bir intibahın başlanğıc nöqtəsi olub, İttifaq tərkibində də olsa, milli varlığımızın təsdiqinin elanı, milli özünüdərkin yeni səhifəsi olub.
“Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarlarını eşitməyən, bilməyən yoxdur. Bu sözlərin, bu cümlələrin müəllifi ancaq xalqına və vətəninə sonsuz məhəbbəti, bağlılığı olan və bu yolda misilsiz xidmətlər göstərmiş bir şəxsiyyət - Ümumilli Liderimiz Heydər Əliyev kimi bir şəxsiyyət ola bilər.
Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətdir, incəsənətdir, ədəbiyyatdır, elmdir, tarixdir. Ana dilimizin ictimai həyatın bütün sferalarında istifadəsinin təmin edilməsi, Rəhbərin şəxsi nümunəsində intişarı, habelə, milli özünüdərkin, milli məfkurənin və milli dilin daşıyıcısı olan ziyalılarımızın, onların əsərlərinin reabilitasiyası, Azərbaycan dilinin dirçəlişinin və paralel olaraq da milli oyanışın məhək daşı sayıla bilər. Ona görə də dilin mənəvi tərəqqi ilə, vətənsevərliklə bağlılığını xarakterizə edən Ümumilli Liderimiz deyirdi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bu gün dilimizin dövlət dili kimi ən geniş müstəvidə istifadəsi, dünyanın ən yüksək kürsülərindən səslənməsi, həm ölkə vətəndaşlarımızın, həm də başqa ölkələrdə yaşayan yurddaşlarımızın iftixar vəsiləsi olmaqla yanaşı, müxtəlif ləhcələrin vahid ədəbi dil – özünəməxsusluğu, zənginliyi və şirinliyi ilə ülgü olan Azərbaycan dili ətrafında təmərküzləşməsinə də vəsilə olur. Dilimizin elektron məkanda istifadəsinin təmin edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncam, Azərbaycan dilinin tətbiq dairəsini daha da genişləndirilməklə, həm zənginləşməsinə və saflaşmasına, həm də inkişafına xidmət etmişdir.
Bu gün Azərbaycan dilinin dövlət dili statusu almasına görə də, bu dilin milli-mənəvi dəyərlərimizin və milli varlığımızın rəmzinə çevrilməsinə görə də, dilimizin saflaşmasına, yenidən həyat qazanmasına, işlək dilə çevrilməsinə, beynəlxalq arenaya çıxmasına, qorunmasına və inkişafına görə də Ümummilli Liderimizə, onun ardıcıl və düşünülmüş siyasətinə, habelə bu siyasəti uğurla və səylə davam etdirən layiqli varisinə - Müzəffər Sərkərdəmizə minnətdarıq.
Hər il Avqust ayının 1-nin, ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsinin Ümumilli Liderimizin adı ilə bağlı olması təsadüf deyil, bu dahi şəxsiyyətin ana dilimizin qorunması və inkişafına qayğısının, həyatımızın bütün sahələrində tətbiqi naminə atdığı addımların inikası, xalqımız üçün əvəzsiz töhfəsi, milli dövlətçilik tariximizin qızıl səhifəsidir.