YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın keçdiyi tarixi yol onun dilində öz əksini tapır

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Müasir tədqiqatçılarda dediyi kimi unudulmaz Heydər Əliyev ən böyük azərbaycanlı idi. Ümummilli liderin azərbaycançılıq ideyasının, təliminin əsasında məhz doğma ana dilimiz dayanırdı. Heydər Əliyev çıxış və nitqlərində bu dilin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, ən kəskin tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas alim də Heydər Əliyevin yaddaşına, sözdən istifadə etmək bacarığına, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Heydər Əliyev dönə-dönə deyərdi ki, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Müşahidələr göstərir ki, Heydər Əliyev Azərbaycan dilinə millətin taleyi kimi yanaşaraq onu nəinki sevir, keşiyində dayanır, həm nüfuzuna çalışır, həm də tərəqqisi üçün uzun illərlə mübarizə aparırdı. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidməti olmuşdur. Dilin inkişafı üçün ulu öndərin müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarda, eləcə də tövsiyələrində, çıxışlarında vaxtaşırı ortaya çıxan ciddi problemlərin həlli yolları dəqiq göstərilib.

Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.

1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu.  Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.

1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.

Ana dilimizi Azərbaycan xalqının ən böyük sərvəti hesab edən ulu öndər çıxışlarında tez-tez vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu səbəbdən də Azərbaycan dilini dövlətçiliyin əsas rəmzlərindən sayaraq onun saflaşması naminə vaxtaşırı olaraq xüsusi tədbirlər həyata keçirirdi. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Sərəncam da məhz bu niyyətlə imzalanmışdır. Beləliklə, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimiliyinin simvoludur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dəfələrlə sınaqdan çıxıb ki, millətin milliliyini qoruyub saxlayan onun dilidir, adət-ənənəsidir. Təbii ki, dil təkcə söz sərvətinin yaradıcısı deyil, o, həm də bir döyuşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də dilimizi elə sözlə yükləməliyik ki, o, döyüşlərdən qələbə ilə qayıtsın. "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı buna imkan verir ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur". Heydər Əliyevin bu deyimi dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

Xalqımızın milli sərvəti olan ana dilinin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.