YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dil milli kimliyin əsas göstəricisidir

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Tarixi inkişaf mərhələlərində çox mürəkkəb və çətin şərtlər içərisində özünəməxsusluğunu qoruyub saxlamağı bacarmaqla həm də ünsiyyətdə olduğu qarşılıqlı münasibətlərdə başqa dillərə çoxsaylı sözlər verib, o dillərin də zənginləşməsində iştirak edib. Bu gün biz böyük və ya kiçik olmasından asılı olmayaraq qonşu xalqların dillərində Azərbaycan dilindən alınma olan yüzlərlə sözün olduğunu bilirik. Hətta söz mübadiləsi prosesinin tarixi o qədər qədimdir ki, bəzən bizim dildə arxaikləşmiş sözlərimiz qonşu xalqların dilində müasir semantik məna ifadə edən müstəqil leksik vahid kimi çıxış edir. Bizə isə bumeranq söz kimi qayıdır. Bütün bunlar Azərbaycan dilinin qədimliyindən və təsir dairəsinin miqyasından xəbər verir. Dil eyni zamanda təkcə ünsiyyət vasitəsi deyil həm də daha çox  təfəkkür hadisəsi olduğu üçün milli təfəkkürümüz və kimliyimizin formalaşmasında da mühüm rol oynayıb. Eyni zamanda, dil milli kimliyin əsas göstəricisidir. Bir xalqın varolma sübutudur. Ona görə hər bir xalqı xalq edən də, onun milli dövlətini qurmaq potensialını reallığa çevirən də dildir. Çünki dil mükəmməl fuksional alət kimi kütləvi ünsiyyəti, təşkilatlanmanı və səfərbərolmanı təyin edir. Ona görə də  dövlətimiz  dilimizin inkişafına və qorunmasına daim  xüsusi diqqət və qayğı ilə yanaşır.

Hələ sovet dövründə Azərbaycan diliin inkişaf etməsi və hüquqi statusunun müəyyənləşdirilməsi böyük dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olmuş, nəhayət onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Bu, dilimizin inkişafı tarixində tamamilə yeni bir mərhələ açmışdır. Müstəqillik illərində isə 1995-ci ildə  ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Beləliklə Azərbaycan dili özünün çoxəsrlik inkişaf mərhələsində tamamilə fərqli bir status qazanaraq müstəqil ölkənin dövlət dilinə çevirilmişdir.

Hazırda milli dilə müasir internet resursları və qlobal dillərin çoxsaylı müxtəlif səviyyəli  təzyiqlərinə baxmayaraq Azərbaycan dili inkişaf edir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin qorunmasının daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Ancaq dil kütləvi ünsiyyət vasitəsi olduğu üçün onun qorunması və inkişafı da kütləvi səylər tələb edir. Ona görə də hər bir Azərbaycan vətəndaşı dilimizin mükəmməl daşıyıcısı olmaqla həm də onun funksionallığını təmin etməlidir.