YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbər seçilməsinin 53-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatın məsul işçiləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil etdiyini, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün böyük islahatlar dövrünün başlanğıcı olduğunu və gələcək müstəqilliyimizin fundamentinin qoyulduğunu söyləyib. Natiq Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib. O bildirib ki, bugünkü Azərbaycan Respublikasının möhkəm sosial-iqtisadi və mənəvi dayaqlar üzrə durmasının və xalqımızın demokratik-hüquqi dövlətdə yaşamaq arzularının reallaşması çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dəyirmi masada çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu XX əsrin 70-80-ci illərini çoxəsrlik Azərbaycan tarixinin qızıl dövrü kimi xarakterizə etmiş və bu tezisin təsdiqi üçün arqumentlər və faktlar söyləmişdir. O, ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan Respublikasının Cənubi Qafqazın lider ölkəsi olduğunu qeyd etmişdir.

Sonra deputat Aydın Hüseynov öz çıxışında bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarının dayandığını və ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin davam etdirilməsi nəticəsində ölkəmizin daha böyük uğurlara imza atacağını qeyd edib.

Deputat Səbinə Xasayeva Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyətinin bir çox istiqamətləri, o cümlədən təhsil, mədəniyyət, elm sahələrində və gənclər siyasəti sahəsində əldə edilən uğurlardan danışmışdır.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs edib.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş tarixi kimi səciyyələndirmiş və ulu öndər Heydər Əliyevin hakimiyyətə həm birinci dəfə, həm də ikinci dəfə ikinci dəfə gəlişi ilə bütün gücünü və dərin zəkasını dövlətin, millətin və xalqın azadlığı və tərəqqisi yolunda sərf etdiyini, bütün daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin müstəqilliyini qoruduğunu vurğulayıb.