YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyev  iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edib. Cənab Prezident Zirvə toplantısındakı çıxışı zamanı bir çox vacib məsələləri toplantı iştirakçılarının nəzərinə çatdırılmışdır. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətini vurğulayan cənab Prezident Azərbaycanın Xəzər dənizində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini bir daha vurğulamışdır. Belə ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya çoxillik iş nəticəsində imzalanaraq, Xəzərin hüquqi statusunu müəyyən edib. Xüsusi vurğulamaq lazımdır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi də məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilmişdi.  Konvensiyanın ərsəyə gətirilməsi ölkəmizin ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər. Şübhəsiz ki, konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı Dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin önəmli meyarlarını isə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və daxili işlərinə qarışmamaq, bütün tərəflərin mənafelərinin nəzərə alınması təşkil edir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya regionumuz və ölkəmiz üçün mühüm addım kimi qiymətləndirilir. Konvensiya nəticəsində Xəzər dənizinin hüquqi statusu müəyyən edilərək, sahilyanı dövlətlərin hüquq və öhdəlikləri təsbit edildi. Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirərək, fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlərin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir.

Onu da qeyd etmək lazımdır ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, MDB, İslam Əməkdaşlığı Təşkilatı  və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi qiymətləndirilməlidir. Həmçinin, Cənab Prezident öz çıxışında Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayaraq, bildirdi ki, bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası tərəflərinin VI konfransının keçirilməsi də nəzərdə tutulub. Azərbaycan ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir və Xəzər dənizinin ekoloji problemlərinin bugünkü vəziyyəti ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzər dənizi olduqca unikal ekosistemdir və yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin hər birinin də qayğı göstərməsi vacibdir. Əgər Xəzərsahili ölkələrin hər biri dənizə öz şəxsi prizmasından yanaşsa, onun sonrakı taleyi qaranlıq ola bilər. Xəzər dənizi strateji cəhətdən də olduqca əhəmiyyətlidir və region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi kimi çıxış edir. Qarşılıqlı faydalı investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi əməkdaşlığın inkişafı, təhlükəsiz kommunikasiyaların qurulması, ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında çox mühüm rol oynayır və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, həm də Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Bunu da vurğulamaq lazımdır ki, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi kimi qiymətləndirilə bilər.

DİGƏR Xəbərlər Arxiv