YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizində təhlükəsizlik məsələləri dünya miqyasında çox böyük əhəmiyyətə malikdir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XX əsrin son onilliyində beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, təkqütblü dünya nizamının yaranması, qloballaşma və s. nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.

Xəzər dənizinin sahillərində yerləşən Azərbaycan Respublikasının müstəqil inkişafı, dövlət təhlükəsizliyi və geosiyasi mövqeyi, onun zəngin karbohidrogen  ehtiyatlarının işlənməsi və dünya enerji bazarlarına sərbəst nəqli bu gün təkcə ölkəmizin xarici siyasət prioritetlərindən deyil, eyni zamanda, müasir dünya siyasətinin və beynəlxalq aləmin aktual mövzularından sayılır. Xəzər dənizi və onun Azərbaycan sektorunun neft və qaz ehtiyatları hazırda təkcə regionun Rusiya, İran, Türkiyə kimi dövlətlərini deyil, həmçinin dünya enerjisinin ¾-nü istehlak edən ABŞ, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Yaponiya, Çin və bir çox digər Qərb və Şərq dövlətlərini ciddi şəkildə maraqlandırır. Bunun əsas səbəblərindən biri də heç şübhəsiz müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və müvəffəqiyyətlə həyata keçirdiyi yeni neft strategiyasıdır. Əsası 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin bağlanması ilə qoyulan bu strategiya Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq və strateji əməkdaşlıq münasibətlərinin yaranmasına və inkişafına əlverişli imkan və müsbət zəmin yaratmışdır.

Xəzər bölgəsindəki proseslər heç də karbohidrogen yataqlarının istismarı və sektor problemi ilə məhdudlaşmır. Burda, hər şeydən əvvəl bölgəyə strateji təsir məsələləri, neft kəməri və onun təhlükəsizliyi, xarici aləmin iqtisadi və geosiyasi maraqları mühüm rol oynayır. Bu istiqamətdə də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən fəal xarici siyasət strategiyasının çox böyük önəmi var.

Azərbaycan Respublikası hazırda regionda neft və qaz hasil edən mühüm ölkəyə çevrilmişdir. Zəngin neft və qaz yataqları bundan sonra da Azərbaycanın maraqlarını təmin edəcək və ölkənin ixrac potensialı üçün şərait yaradacaqdır. Ölkəmizin müxtəlif sahələrdəki uğurları ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının nəticəsidir. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində neft və qazın hasilatı və enerji resurslarının nəqli dəniz sektorunda effektiv təhlükəsizlik sisteminin yaradılmasını tələb edir. Ölkənin milli maraqlarına təhdidlərin qarşısının alınması yalnız insan həyatını qoruyan, infrastruktur vasitələrini mühafizə edən, terror aktı və ya silahlı təcavüzdən irəli gələn ziyanı minimuma endirməyə və onların fəsadlarını qısa müddət ərzində aradan qaldırmağa yönəldilən birgə səylərlə təmin edilə bilər. Bu, dənizdə təhlükəsizliyi təmin etmək məqsədi ilə cəlb olunmuş aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının struktur vahidlərindən və onların tam potensialından səmərəli istifadəni, təhdidlərə qarşı vahid dövlət yanaşmasının işlənib hazırlanmasını, habelə bütün qurumlararası proqramların birləşdirilməsini və əlaqələndirilməsini tələb edir. Dəniz təhlükəsizliyinin real təmin olunmasına dövlətlə aidiyyəti milli və beynəlxalq qurumların birgə səylərinin artırılması yolu ilə nail oluna bilər ki, bu da özünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası ilə bağlı sərəncamında əks olunmuşdur.

Bundan əlavə “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya Xəzər dəniziətrafı ölkələrin gələcək əməkdaşlığı və bundan irəli gələn prespektivlər cəhətdən çox önəmlidir. Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir. Bütün bunlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü yorulmaz xarici siyasətinin nəticəsi idi.

Cari ilin iyunun 29-da Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirilməsi də  “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyadan irəli gələn məsələlərin müzakirəsi eləcədə nəqliyyat-kommunikasiya və təhlükəsizlik məsələləri müzakirə olunmuşdur. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhlükəsizlik məsələrinə xüsusi diqqət çəkərək bildirmişdir ki:“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

Göründüyü kimi Azərbaycan özünün əlverişli coğrafi və geoiqtisadi mövqeyindən istifadə edərək, həm Şərq Qərb, həm də Şimal-Cənub əlaqələrində əsas nəqliyyat-kommunikasiya dəhlizi və birləşdirici körpü rolunda çıxış etməyə başlayır. Faktiki olaraq hər iki nəhəng nəqliyyat dəhlizinə qoşulan Azərbaycan bu sahədə özünün geoiqtisadi müstəqilliyini artırmaqla yanaşı, həm də Avropa və dünya bazarlarına alternativ nəqliyyat marşrutları ilə çıxmaq imkanı əldə etdi ki, bununda ən əsas səbəbi Azərbaycan Respublikası regiondakı müxtəlif tranzit yük axınlarını əlaqələndirmək üçün qovşaq rolunu oynamasıdır. Azərbaycan Respublikasının tranzit potensialından istifadə edilməsi bu gün də onun davamlı inkişaf strategiyasının ayrılmaz tərkib hiss əsidir. Burada da təbii ki, Xəzər dənizi və bununla bağlı nəqliyyat-kommunikasiya siyasətində təhlükəsizlik və Azərbaycan Respublikasının buradakı mövqeyi çox əhəmiyyətlidir. Bu istiqamətdə də Xəzəryanı ölkələrin əməkdaşlığı və müxtəlif layihələr üzrə birgə fəaliyyətini mütləq şəkildə qeyd etməyimiz mütləq vacibdir.

Bu sahədə son zamanlar əldə olunan nəaliyyətlər heç şübhəsiz Müzəffər Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə və regionda yaranan reallıqlarla sıx bağlıdır.