YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Məclisinin sədri Tokioda Yaponiya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Yaponiyada rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti aprelin 22-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasının sədri Tadomori Oşima ilə görüşüb.
Azərbaycan Milli Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən Nümayəndələr Palatasının sədri T.Oşima vəzifəyə yeni seçildiyini deyib. Qeyd edib ki, Azərbaycan nümayəndə heyəti onun bu vəzifədə qarşıladığı ilk qonaqlardır. T.Oşima vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında əməkdaşlığın inkişafında mühüm rola malikdir. Ölkəmizin zəngin təbii ehtiyatlara malik olduğunu vurğulayan sədr qeyd edib ki, Azərbaycan Qafqaz regionunun ən güclü dövlətidir. Biz sizin siyasi xəttinizi dəstəkləyirik və sizin müstəqil siyasət yürütməyinizi yüksək qiymətləndiririk. Siz zəngin təbii sərvətlərə malik olsanız da onlardan asılı olmamaq xətti yürüdürsünüz və buna nail ola bilirsiniz. Azərbaycan gərgin geopolitik məkanda yerləşməsinə baxmayaraq, uğurlu siyasət yürütməyi bacarır.
T.Oşima ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib. Bildirib ki, bizim vəzifəmiz iki ölkə arasında əməkdaşlığın inkişafına hərtərfli yardım etmək, sıx işgüzar əlaqələr qurmaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, T.Oşimanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ilk iş günüdə vaxt tapıb Azərbaycan nümayəndə heyəti ilə görüşdüyünə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan-Yaponiya dövlətlərarası münasibətləri zəngin tarixə malikdir və yüksək səviyyədədir. Qarşılıqlı əlaqlərin ardıcıl şəkildə inkişafı bizi sevindirir.
Azərbaycanın bir çox beynəlxalq səviyyəli layihələrin reallaşdırılmasında fəal çalışdığını bildirən spiker yapon şirkətlərini yalnız energetika sahəsinə deyil, digər sahələrə də investisiya yönəltməyə çağırıb. Azərbaycan Yaponiya ilə yalnız iqtisadi sahədə deyil, eyni zamanda digər sahələrdə də əməkdaşlıq etmək niyyətindədir. O.Əsədov TAP, TANAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası barədə də məlumat verib.
Yaponiyada keçirdiyi görüşlər barədə məlumat verən O.Əsədov yapon rəsmilərini Azərbaycana səfərə dəvət etdiyini və eyni zamanda T.Oşimanı da Bakıda görməkdən məmnun olacağını bildirib.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Milli Məclisin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.
Ətraflı məlumata görə təşəkkürünü bildirən T.Oşima vurğulayıb ki, Yaponiya tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Yaponiyanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə Yaponiya Müşavirlər Palatasının üzvləri iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin Nümayəndələr Palatasının iclas zalı ilə tanış olub.