YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli və siyasi liderlik xüsusiyyətlərini özündə birləşdirən tarixi şəxsiyyət

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan xalqının öz liderini sevərək qızıl hərflərlə yaddaşına həkk etməsi hər şeydən əvvəl onun məhz ölkəmizin ən çətin dövrlərində siyasi arenaya gələrək xalqı düçar olduğu bəladan qurtarması, ölkəni parçalanma təhlükəsindən xilas etməsi ilə bağlıdır. Ən yeni tarixə nəzər salsaq xalqın öz liderinə olan belə ali sevgisi üçün saysız-hesabsız misallar gətirə bilərik. Əlbəttə, zaman baxımından 1993-cü il xüsusi qeyd olunmalıdır. Belə ki, həmin il may-iyun aylarında ölkədə müstəqilliyin itirilməsinə gətirib çıxaracaq vətəndaş müharibəsi təhlükəsinin yarandığı aşkar görünürdü. Elə buna görə idi ki, Azərbaycan xalqı təkidlə Ulu Öndərin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Ölkədə günü-gündən vəziyyətin gərginləşdiyini görən o dövrkü ölkə rəhbərliyi də Dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldu. 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın və ölkənin qurtuluşu oldu.

Ali Sovetin sədri seçildiyi ilk gündən Ulu Öndər idarəçilikdə aşkarlığa üstünlük verərək ali qanunverici orqanın iclaslarını, respublika əhəmiyyətli müşavirələri canlı yayımlatmağa, vəziyyəti olduğu kimi xalqa çatdırmağa başladı. Ölkənin ictimai-siyasi həyatındakı gərginliyin aradan qaldırılması üçün Ulu Öndər tərəfindən hər cür lazımi işlər görülməyə başlandı. Nəhayət, parlamentin 24 iyun tarixli iclasında qəbul edilən qərarla ölkədə Prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Bu qərar yaranmış vəziyyətin dövlətin nəzarətinə götürülməsi, xalqın iradəsinə tabe edilməsinə şərait yaratmış oldu. Ölkədə daxili və xarici siyasət, ordu quruculuğu və digər həyati əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra baş verən proseslərin bir hissəsi idi.

Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün dövlət müstəqilliyinin əldə olunmasından sonra həyata keçirilməsi həyati əhəmiyyət kəsb edən məsələlərdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən olunması idi. Hakimiyyətə qayıdan siyasət qrossmeysteri elə ilk günlərdən xarici siyasəti yeniləşdirdi və respublikanın xarici siyasətində böyük dönüş yaratdı. Bu baxımdan Ulu Öndərin apardığı iş birinci növbədə keçmiş hakimiyyətin xarici siyasət kursunda buraxdığı kobud səhvlərin sayəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyətin aradan qaldırılması, ölkənin strateji maraqlarının regionda xüsusi təsiri olan dövlətlərin maraqları ilə uzlaşdırılması istiqamətində oldu.

Hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın xarici siyasətində prioritet olan özünütəcrid xəttinin tamamilə yanlış və yolverilməz olduğunu, milli maraqlara uyğun gəlmədiyini vurğulamış, belə siyasətin acı nəticəsi olaraq dünyanın Azərbaycanı tanımaması, problemlərimizdən xəbər tutmamasını göstərmiş və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırmışdı.

Yürüdülən daxili və xarici siyasət, atılan addımlar xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə gətirib çıxardı. Əlbəttə bunların hamısı Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev öz həyatını doğma xalqına həsr etmiş dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqına ləyaqətlə, sədaqətlə xidmət etmiş lider cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq hər zaman xalqın dəstəyinə güvənərək Azərbaycanı daim irəliyə aparmışdı.

Tariximizdə ölkənin taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları həmişə olmuşdur. Belə insanlar gördükləri böyük işlərin, etdikləri taleyüklü əməllərin sayəsində yaddaşlarda qalmış, adlarını tariximizə yazdırmışdırlar. Tarix boyu Azərbaycanın dövlət xadimləri içərisində ümummilli lider səviyyəsinə yüksəlmiş yeganə rəhbər, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti özündə birləşdirməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.