YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda sülhün əsas təminatçısıdır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biridir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması möhtərən dövlət başçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da vaxtında aparılan islahatlarla bağlıdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qürurverici haldır ki, Azərbaycan MDB məkanında ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır.

Bu gün Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Cari ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda müvafiq dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb. Bunlardan biri Hərbi Elmi Tədqiqat İnstitutu, digəri isə Hərbi İdarəetmə İnstitutudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi isə öz fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Əlbəttə ki, bu tədbirlər hərbiçilərimizin təhsil səviyyələrinin daha da yüksəldilməsinə xidmət edəcək.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı olaraq qeyd olunmalıdır ki, bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.