YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi bölgənin dayanıqlı inkişafına yüksək təminat verir

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bir il öncə regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan “Şuşa Bəyannaməsi”nin Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması iki ölkə arasında olan dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı kimi qiymətləndirilir. Bu təqdimat həm də dünyaya Azərbaycan- Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərməklə, iki qardaş ölkənin dünya miqyasında daha güclü mərkəzə və  regionda söz sahibinə çevrilməsini təmin edir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə  Azərbaycana  güclü siyasi və mənəvi dəstək vermişdir. Savaş dövrünün ilk günlərdən etibarən Türkiyə Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi ardıcıl açıqlamalar verməsi əslində, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün ciddi bir mesaj idi. Məhz bu mesaj xalqımızı hədsiz sevin­dirir, qürurlandırır, belə bir şəraitdə tək, arxa-dayaq­sız olmadığını göstərirdi.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqın­da Şuşa Bəyannaməsi”nin imzalanması tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sar­sılmaz olduğunu bir daha göstərdi. Eyni zamanda, bu tarixi sənəd hər iki qardaş ölkənin ümumi maraqla­rının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də Bəyannamə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən “iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi yüksək dəyərləndirildi. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, hu­manitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dost­luq və qardaşlıq münasibətlərini daha da gücləndirmək, region­da sülhü və sabitliyi qorumaq, möhkəmləndirmək məqsədi daşı­yan bir sıra önəmli vəzifələr diqqət çəkir. Həmin vəzifələr Vətən müharibəsindən sonra bölgədə yara­nan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sa­diq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıdığından xəbər verir.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşı­lıqlı hərbi yardım məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırış­lara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsində mühüm önəm daşıyır. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur.

Qeyd edək ki, tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatla­rın və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi, Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, region­da nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Bu bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Prezident İlham Əliyevin təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin alternativi yoxdur və bu münasibət ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.  Bu gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Ən yeni dövrdə buna misal olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərlərini, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməsini, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə imza atmasını, eyni zamanda, mayın 14-də dənizin üzərində inşa edilən nəhəng Rizə-Artvin Hava Limanı layihəsində - iki qardaş ölkə rəhbərinin iştirakını mütləq qeyd etməliyik. Bu birlik həm də düşmənlərə göz dağıdır. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə qoşulmaqda, siyasi, iqti­sadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir axın müşahidə olunmaqdadır.

Monolit birliyin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quru­culuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyevin “dost, qardaş ölkələr quruculuq proseslərdə də fəal iştirak edə bilərlər və onları yanımızda görmək istəyirik” çağırışına qardaş münasibətinin nəticəsi olaraq, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayırlar. O da məlumdur ki, ötən ilin oktyabrında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində ərsəyə gəlmişdir. Bundan əlavə, iki dost ölkənin müştərək inves­tisiya layihəsi olan “Dost Aqropark”ın Zəngilanda təməlinin qoyulması da buna misaldır.

Ən əsası, bu gün Azərbaycanla Türkiyə ara­sında əlaqələrin inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.