YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

1993-cü ilin 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu. 1993-sü ilin əvvəllərindən ölkədə vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrimizdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın müstəqilliyinə, bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Ölkədə bütün sahələrdə böhran hökm sürürdü. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qorudu. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parcalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı qürur səhifəsi yazıldı. Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Gününə bağlı oldu.

Ulu öndərin hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı

Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın müstəqilliyi bu gün etibarlı əllərdədir. Azərbaycanın sürətli inkişaf dövrü məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ölkə başçısının həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. 44 günlük Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu, Ali Baş Komandan İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanla kommunikasiyaların bərpası, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. 

Əlbəttə ki, qazanılan hər bir uğuruun, o cümlədən möhtəşəm Qarabağ Zəfərinin kökündə Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Xalqımız əmindir ki, Heydər Əliyev yolu bundan sonra da müstəqil Azərbaycanı yeni-yeni zəfərlərə daşıyacaq!!!