Xəbərlər
Enerji layihələri ölkələr arasında əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
31-ci “Bakı Enerji Həftəsi” öz işini başa çatdırdı. İyun ayının 1-dən 3-dək davam edən tədbirdə 46 ölkədən 276 şirkət iştirak etdi. “Bakı Enerji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Cənab İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışında vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.
Enerji siyasətinin uğurlarından bəhs edən dövlətimizin başçısı İlham Əliyev təbii sərvətlərdən düzgün istifadəni, həmçinin əldə olunan gəlirlərin səmərəli idarə olunmasını xüsusi vurğuladı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığı yüksək səviyyədə təmin edən Dövlət Neft Fondunda toplanan vəsaitlərin hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla daim davamlı uğurları ilə diqqətdədir. Bu reallıq hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var, lakin bu resurslar heç də həmin dövlətlərə uğur gətirmir. Onlarda əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu reallığı xüsusi qeyd etdi ki, əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı.
Cənab İlham Əliyev çıxışında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi davamlı töhfələrdən də bəhs etdi. Vurğuladı ki, Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan sayı artmaqda olan ölkələri qazla təchiz edir. Keçən il “Bakı Enerji Həftəsi”ndə Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeyd edilmişdi. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı artacaq. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik.
Azərbaycan hazırda yaşıl enerji keçidinə xüsusi önəm verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq bir sıra layihələrimiz istismar mərhələsindədir: “Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.” O da qeyd edildi ki, bu gün tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Azərbaycan, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyir. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir.
31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışlarda, keçirilən görüşlərdə bu reallıq bir daha vurğulandı ki, Azərbaycanın enerji siyasəti yalnız enerji sektorunun inkişafına deyil, bütövlükdə iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmasına, nəqliyyat imkanlarının genişlənməsinə, yeni əməkdaşlıq körpülərinin qurulmasına xidmət edir.
