YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Keçən əsrin doxsanıncı illəri tarixdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycan üçün böyük fürsət idi. Lakin yenicə müstəqilliyini əldə etmiş dövlətdə hakimiyyət böhranı respublikada anarxiyanı maksimal həddə çatdırmışdı və bir növ xaos hər yeri bürümüşdü. Ölkənin ən yeni tarixinə özbaşınalıq, hərc-mərclik dövrü kimi daxil olan 1991-1993-cü illər milli müstəqilliyimizin itirilməsi qorxusu olan bir dövr oldu.

Əlbəttə bu dövr, yaranmış vəziyyət təkcə hakimiyyət uğrunda mübarizə aparan daxili qüvvələrin hesabına yaranmamışdı. Bu vəziyyətin yaranmasına Azərbaycan kimi strateji coğrafi mövqeyə malik bir dövlətin müstəqilliyinin başqa ölkələrdə bəzi dairələri qane etməməsi də səbəb olmuşdu.

Ermənistan və onun havadarlarının səyi ilə Azərbaycan torpaqlarının işğalı onsuz da gərgin olan siyasi vəziyyəti daha da gərginləşdirir, əhalinin sosial vəziyyətini gündən-günə ağırlaşdırırdı. Xalqı bu bəladan xilas edəcək, ölkəni yaranmış xaos vəziyyətindən çıxardacaq bir liderə ehtiyac olduğu günü-gündən daha bariz şəkildə gündəmə gəlirdi. Dövlətin və xalqın bütün təbəqələri yekdilliklə əmin idi ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxartmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. 1993-cü ilin iyunun 9-da xalqın ürəyindən gələn səsinə cavab verən Ümummilli Lider iyunun 9-da Bakıya qayıtdı və Azərbaycanı əvvəlcədən planlaşdırılmış bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Azərbaycanın müstəqilliyinin memarı Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Təbii ki, Azərbaycanın bugünkü azadlığının, müstəqilliyinin başlanğıcının məhz həmin gün olduğunu söyləsək yanılmarıq. Bu gün respublikamızın milli qurtuluşunun başlanğıcı olması ilə yanaşı, həm də, respublikanın davamlı inkişafı, ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsi və qloballaşan dünyaya sıx inteqrasiya olunması, modern cəmiyyətin qurulması prosesinə bünövrə oldu. Azərbaycan Heydər Əliyev ideyalarının işığında uzun bir inkişaf yolu keçdi, elə bir inkişaf yolu ki, otuz illik düşmən işğalında olan torpaqları 44 gün kimi qısa bir müddətdə Müzəffər Ali Baş Komandamızın rəhbərliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın öz sərkərdəsinə inamı və etibarı sayəsində əldə etdi.

Ulu Öndərin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsində hərbi gücümüz artmağa, nizamlı silahlı qüvvələr yaradılmağa, torpaqlarımızın müdafiəsi ilə bağlı önəmli addımlar atılmağa başlandı. 1994-cü ilin mayında atəşkəs əldə edildi ki, bu respublikamız üçün həyati əhəmiyyətə malik idi. Bu atəşkəsdən sonra respublikada iqtisadi potensialı səmərəli surətdə istifadə edərək beynəlxaiq müqavilələrin bağlanması, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması və həyata keçirilməsi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələr reallaşdırıldı. Beləliklə, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü inkişaf və sabitlik dövrü kimi yaddaşlarda qaldı.

Torpaqlarını işğaldan azad etmiş, dünyada söz sahibinə, regionda aparıcı güc mərkəzinə çevrilmiş Azərbaycanın qazandığı uğurların, nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları durduğu kimi, həm də bu kursu uğurla davam etdirən, ulu öndər ideyalarının siyasi varisi İlham Əliyevin yenilməz iradəsi, xalqına olan sevgisi dayanır.

Xalqımız əmindir ki, Ulu öndərin ideyalarının işığında irəliyə gedən, inkişaf edən bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

DİGƏR Xəbərlər Arxiv