YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib

İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Rahib Məmmədov küçəsi 25 ünvanında yerləşən ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri Mürsəl Əliyev tariximizə  Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bugünədək  Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında yeni bir mərhələ başladı. Xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti nəticəsində bütün çətinlikləri dəf etdi, dünya birliyinin layiqli üzvünə çevrildi. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza Zəfər sevincini yaşatdı.   

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsindən geniş bəhs edərək bildirib ki, dövlət müstəqilliyimiz Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əbədi və dönməz xarakter aldı: “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağırdı və buna yüksək səviyyədə nail oldu. Bu birlik, həmrəylik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizi  şərtləndirən əsas amillər sırasında xüsusi yer tutdu.”

Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər  Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın  düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi: “Həmin an  2020-ci ilin noyabrında yetişdi. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı  İlham Əliyevin Prezidentliyinin 17 ili məhz bu hədəfə istiqamətlənmişdi. Ümummilli lider  Heydər Əliyevin yaratdığı  möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaradıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı.  Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən  azad Qarabağda, azad Şuşada  qürurla dalğalanmağa başladı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.  Ərazi bütövlüyümüz təmin olunub, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb. Milli Qurtuluş Günündən başlanan inkişaf yolu Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq.”

YAP Xətai rayon təşkilatının sədri bu fikri də xüsusi vurğulayıb ki,  Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları, formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Prezident İlham Əliyev bu inkişaf modelini daha da təkmilləşdirərək, yenilikləri əlavə edərək Azərbaycanı innovasiyalar ölkəsinə çevirdi. Bu inkişaf, elmi-texniki tərəqqi, yeni texnologiyalar möhtəşəm  Zəfərimizdə öz sözünü dedi.

Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasında təmsil olunmaq qürurvericidir. Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Partiya hər zaman tutduğu yola sadiqdir, milyonların partiyası kimi cəmiyyətdə yerini və rolunu möhkəmləndirir. YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir.

Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.