YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Latviyanın Prezidenti ilə görüşüb

Latviyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Andris Berzinş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Andris Berzinşə çatdırıb. Latviya Prezidenti də öz növbəsində ən xoş arzularının və salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib. Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və bu sədrlik müddətinin uğurla başa çatacağına əminliyini ifadə edib.
Prezident Andris Berzinş “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində mayın 21-22-də Riqada keçiriləcək Zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib. O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələri yüksək qiymətləndirib. Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirib. Nazir Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğulayıb. Elmar Məmmədyarov iyunun 12-28-də Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının gözlənildiyini qeyd edib.
Prezident Andris Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və latviyalı atletlərin də bu Oyunlarda iştirak edəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.