YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatarıstan Prezidenti Gəncə avtomobil zavodunda “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışında iştirak edib

Aprelin 14-də Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşını konveyerdən buraxılıb.

Bu ilin fevral ayında Gəncə Avtomobil İstehsalat Birliyi ilə Rusiyanın nəhəng avtomobil şirkəti olan “KamAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında bağlanmış uzunmüddətli müqavilə artıq reallığa çevrilib. Yeni konveyer xəttinin açılışında Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin iştirak ediblər.
Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin prioritet istiqamət olduğunu qeyd edib, bu məsələyə hər iki ölkə prezidentlərinin böyük önəm verdiyini diqqətə çatdırıblar. Çıxışlarda Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışı məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib.
Gəncə Avtomobil İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev “KamAZ” avtomobillərinin yığımının zavod üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, indiyədək qazanılan təcrübədən danışıb. Bildirilib ki, Gəncə avtomobil zavodu hazırda hər bir texnikanın istehsalına hazırdır. Məhz bunun nəticəsidir ki, təkcə 2015-ci ilin ötən dövründə burada 500 ədəd müxtəlif təyinatlı “MAZ” avtomobilləri, 50 ədəd 21 kubmetr tutumlu, “Avro-4” standartlarına cavab verən “HALLER” markalı kommunal maşınlar, 1400 ədəd müxtəlif modeldə “Belarus” traktorları istehsal edilib. Qazanılan bu təcrübə “KamAZ” avtomobilinin yığımına da imkan verəcək. Müqaviləyə əsasən, hələlik 1500 “KamAZ” yığılması planlaşdırılır.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov çıxışında deyib: “Azərbaycanda, xüsusilə Bakıda gördüklərim məni heyran etdi. Respublikada gedən sürətli yüksəliş, söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu əlaqələr yeni mərhələdir. “KamAZ”ın Gəncə avtomobil zavodunda yığılmasını isə bu əlaqələrin gələcək inkişafının başlanğıcı kimi dəyərləndirmək olar”.
Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşınının konveyerdən çıxmasını izləyən Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və onu müşayiət edən rəsmi şəxslər zavodun istehsalat sahələri ilə yaxından tanış olub, mütəxəssislərlə söhbət ediblər.