YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin hər bir çıxışı Azərbaycan gəncliyi üçün əsl natiqlik nümunəsidir

Ülviyyə Axundova

YAP Gənclər Birliyinin üzvü

Bu gün Müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 99-cu ildönümüdür. “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” ifadələrini tez-tez xatırladığımız Ulu Öndər bütün ömrünü Azərbaycan xalqına həsr etdi və hər sahədə öz nümunəsini yaratdı.

O, hər bir çıxışında ən böyük nailiyyət, mühüm hadisə kimi Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət etdiyi vəzifənin isə müstəqilliyimizin əbədiliyinin təmin edilməsi olduğuna diqqət çəkirdi. Ümumilli lider hər bir sahədə paralel inkişafı şərtləndirən siyasət həyata keçirməklə müstəqilliyimizin dönməzliyinin təminatçısına çevrildi.

Ulu Öndərin dövlətçilik fəaliyyətinin onun natiqlik qabiliyyəti ilə vəhdətdə olduğu isə heç birimiz üçün sirr deyil. Şübhəsiz ki, yüksək vəzifə tutan, xalqın lideri olan hər bir insan üçün onun natiqlik qabiliyyəti və danışıq mədəniyyəti həmin şəxs üçün ən vacib göstəricilərdən biridir. Lakin burada qeyri-adi natiqlik istedadı və fikrin, ideyaların sözlə ifadəsinin ali dərəcəsindən söhbət açdıqda bəzi cəhətlərin üzərində xüsusilə vacibdir. Hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri söz ifadəsində dinləyiciyə çatdırmaq və onu inandırmaqdır. Nitq məzmun olaraq natiqin idrakı, düşüncə tərzi və genetik xüsusiyyətləri ilə sıx bağlı olub şəxsiyyətin görünməyən tərəfini, forma olaraq isə dil, ədəbiyyat, mədəniyyət və s. sosial-ictimai biliklər sahəsindəki qabiliyyət və bacarığının məcmusu ilə bağlı olub, onun görünən tərəfini nümayiş etdirir. Buna görə də hər bir natiq nitqi ilə özünü dinləyici qarşısında müəyyən dərəcədə aşkar edir. O natiqlər ki, bu qarşılıqlı əlaqəni düzgün qura və məharətlə istifadə edirlər, onlar hər zaman uğur, inam qazanır və rəğbət görürülər. Ümummili lider məhz belə bir istedada malik olaraq yüksək danışıq qabiliyyəti, fenomenal natiqlik bacarıqları ilə əsl natiqlik nümunəsini əyani şəkildə sübut edirdi.

Ulu Öndərin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirrlərindən necə məharət və ustalıqla istifadə etdiyinin şahidi oluruq. Onların ən əsaslarını sadalayaraq bir daha diqqətə çatdırmaq gələcək nəsillər üçün dəyərli örnək rolunu oynayır. Heydər Əliyevin şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi, nitqin qrammatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların yalnız öz yerində və xüsusi vurğu ilə ifadəsi, dinləyicilərin səviyyəsinə, qarşısındakının şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhəmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyası, jest və mimika kimi elementləri düzgün seçməklə yüksək təsir gücünə malik olması onun dahi bir lider və yüksək bacarıqlara malik natiq olduğunun göstəricisidir.

Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlər onun şəxsi məziyyətlərinin yalnız bir hissəsi olsa da siyasi fəaliyyəti, idarəetməsi ilə birlikdə təhlil edildikdə onun hər bir addımının mənbəyini yenidən kəşf etməyimizə imkan verir. Nitqinin hər detalına diqqət edən və qarşısındakı insanların xarakterinə, yanaşmalarına uyğun çıxış etmək özəlliyinə malik olan Ulu Öndər hər bir məsələdə nəticənin necə alınması ehtimalının əvvəlcədən proqnozlaşdırmaq, etibarlılığı qorumaq, proses və nəticəyönümlü idarəetmənin balansının tənzimlənməklə özünəməxsus idarəetmə modelini tətbiq edərək uğur və müvəffəqiyyətlərin sayını artırırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən güclü silahlarından olan sözləri ilə böyük xalq kütlələrini öz arxasınca aparmağı, ölkə üçün xüsusi əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinin zəruriliyinə inandırmağı, yalnış addımlar atan birilərini doğru yola yönəltməyi ustalıqla bacarırdı. Onunla birlikdə çalışmaq, yanında olmaq şərəfinə nail olanları dinlədiyimiz zaman onun haqqında qeyd edirlər ki, Ulu Öndər bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi.

Azərbaycan gənclər siyasətinin banisi olan Heydər Əliyev hər zaman gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, vətənə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mükəmməl bilməyi də ön plana çəkirdi. O, öz ana dilinə çox qayğı ilə yanaşır və hər bir ifadəsinə xüsusi əhəmiyyət verirdi. Azərbaycan dilini çox mükəmməl bilən Ümummilli lider onu xalqımızın ən böyük sərvəti hesab edirdi.

Heydər Əliyevin “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır.” kəlamı fərqli sahələrdə uğurla təmsil olunan, özünü hər keçən gün yeni çağırışlara uyğun şəkildə inkişaf etdirən, yerli və xarici platformalarda iştirak edən Azərbaycan gəncliyinin öz fəaliyyətinə və ətrafındakı şəxslərə yanaşması üçün dəyərli və gözəl bir tövsiyədir.

Heydər Əliyevin müsahibələrini izlədiyimiz zaman onun müşahidə edirik ki, o mühasibindəki ən kiçik məqamları belə dərhal sezirdi. Fenomenal natiqlik bacarığına, uzaqgörənlik qabiliyyətinə malik olan Heydər Əliyev opponentinin fikrindən keçənləri həmin an duymağı bacarır, onun ağlındakı dolaşıq fikirləri aydınlaşdırırdı. Bununla yanaşı, o xüsusi yaddaşı vasitəsilə istənilən anda keçmişdə olan hadisələri, faktları və rəqəmləri misal gətirərək sözlərini təsdiqləməyi bacarır, hər bir sahədə yanaşması, miqyası ilə qarşısındakını heyrətə gətirir, dərin biliklər nümayiş etdirirdi. Heydər Əliyevin bu keyfiyyətləri Azərbaycan xalqı üçün ən həyati, doğrudan da taleyüklü tarixi məqamlarda heyrətamiz dərəcədə dəqiq çıxış yolları tapmasına dəfələrlə kömək etmişdir.

Ulu Öndərin natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, düzgün sözləri seçmək bacarığı, dərin məntiqli nitqi onu dinləyənlərə zövq verirdi. O, dərin və konkret nitqi ilə müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək və təhlil etmək bacarığına malik idi. Beləliklə, O, məsələnin mahiyyətini açaraq mövzunu milli mənafe, maraqlar və dövlətçilik mövqeyindən təhlil etməyi bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, səlis nitqə, təhlil etmək bacarığına, yüksək intellektə yiyələnmək də bir o qədər vacibdir. Ümummilli lider Heydər Əliyev başqalarından fərqli olaraq qeyri-adi zəkaya, yüksək enerjiyə, xalq sevgisinə və möhkəm iradəyə malik siyasətçi idi.

Heydər Əliyevin bütün yüksək idarəetmə, təhlil, natiqlik bacarıqlarından istifadə edərək formalaşdırdığı siyasət düşünülmüş, gələcəyə ünvanlanmış siyasət idi. Bu gün bu siyasəti Ulu Öndərin layiqli siyasi varisi, Qarabağ zəfəri ilə ata vəziyyətini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmağı düşünülmüş siyasətin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın Azərbaycanın parlaq gələcəyinə olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Həyata keçirilən balanslaşdırılmış xarici və daxili siyasətin nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki rolu və nüfuzunu isə günü-gündən artmaqdadır.