YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla İraq arasında neft və qaz sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bağdadda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İraq Respublikasına səfəri zamanı Azərbaycanla İraq arasında neft və qaz sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində R.Abdullayev İraqın neft naziri Adil Əbdul Məhdi ilə görüşüb. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlandığı qeyd olunub.
Dövlət Neft Şirkətin prezidenti R.Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləyib, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılan nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında ətraflı məlumat verib.
İraqın neft naziri Adil Əbdul Məhdi ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib.
Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. SOCAR-ın prezidenti R.Abdullayev İraqın neft nazirini onun üçün uyğun bir vaxtda Azərbaycana səfərə dəvət edib.