YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan əsgəri

Məhəmməd Məhərrəmov

YAP Mərkəzi Aparatının beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini

Aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin genişəhatəli, dərinməzmunlu nitqini, bütün ölkə əhalisi kimi, mən də diqqətlə dinlədim.

Bir anda mənə belə gəldi ki, ölkə rəhbəri ənənəvi nitq söyləmir, dünyanın müxtəlif qitələrində yaşayan 50 milyonluq azərbaycanlı ilə səmimi söhbət edir, Qarabağ münaqişəsinin həlli, bizi tarixi Zəfərə aparan yol barədə bütün reallıqları, bugünkü günümüzün çağırışlarını, gələcəyimizlə bağlı vəzifələrimizi sadə cümlələrlə onlara çatdırır, izah edir.

Dövlət başçısı genişəhatəli nitqində 44 günlük müharibənin əsl qəhrəmanları olan Azərbaycan əsgərinin mərdliyindən, şücayiətindən, igidliyindən, qorxmazlığından, yüksək vətənpərvərliyindən, vətənsevərliyindən, milli-mənəvi zənginliyindən də ürəkdolusu danışdı. Onun postmüharibə dövründə, demək olar ki, bütün çıxışlarında bu mövzuya toxunulub, biz bunun dəfələrlə şahidi olmuşuq. Lakin Qurultayda dediyi “münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri” sözləri bizə tarixi Qələbəni bəxş edənlərə verilən ən yüksək qiymət, ən ali məqamdır. Bu, eyni zamanda bu gün Vətənimizin keşiyində sayıqlıqla duran, düşmənin məkrli hiyləsini hər an dəf etmək əzmində olan övladlarımıza müraciətdir, gələcəkdə bu yolu davam edəcək nəsillərə bir çağırışdır, məsləhətdir, tövsiyədir.

Sən, həqiqətən, qəhrəmansan, Azərbaycan əsgəri! Çünki sən:

-ömrünün bahar çağında silaha sarılaraq yağı düşmənlə ölüm-dirim savaşına atıldın;

-doğmalarını, əzizlərini düşünmədin, Vətənin adını, elin namusunu, qeyrətini hər şeydən uca tutdun;

-ölümün gözünə dik baxdın, gözlərini qırpmadan canını fəda etdin (Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin);

-müasir hərb peşəsinin, ən yeni, təkmil döyüş texnikasının sirlərinə yiyələnmək, öz peşəkarlığını, ustalığını hər gün yüksəltmək, hərb sənətinin mükəmməl bilicisi olmaq sənin ali məqsədin, əsas hədəfin oldu və buna müvəffəqiyyətlə nail olmağı bacardın;  

-düşmənin keçilməz hesab etdiyi istehkamları, qurduğu dəmir sədləri darmadağın edərək dünyanı mat-məəttəl qoydun;

-sıldırım qayaları, dağları aşaraq Şuşanı düşməndən təmizləməklə möcüzə yaratdın, Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini bir daha beynəlxalq aləmə nümayiş etdirdin, dünya hərb tarixinə şanlı səhifə yazdın;

-30 il işğal altında olan torpaqları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə şəhərləri, kəndləri bərpa etməyə, bütövlükdə regionu dirçəltməyə, yenidən qurmağa, öz doğma sakinləri ilə təkrar görüşməyə şərait yaratdın;

-30 il ata-baba yurdunun həsrəti ilə yaşayan, gecələr yuxularında o yerlərə səyahət edənlərin, onlarla birlikdə bütün Azərbaycanlıların nisgilinə son qoydun, tarixi ədaləti bərpa etdin, dədələrimizin əmanətini bizə qaytardın;

-düşmən ordusuna qan uddurdun, erməni faşizmini, hərbi texnikasını və canlı qüvvəsini məhv elədin, yağıya gözdağı, görk üçün Qənimətlər Parkı yaratdın;

-bizə ilk dəfə tarixi Qələbə bəxş elədin;

-dövlətimizə qalib ölkə, xalqımıza müzəffər xalq adı qazandırmaqla bizi xəcalətdən qurtardın, başımızı uca elədin, qürurumuzu özümüzə qaytardın;

-bizə hamımızın iftixar, qürur mənbəyimiz olan Zəfər bayramını bəxş elədin;

-Zəfər Paradında nizamlı, nümunəvi sıra keçidinlə, nümayiş etdirdiyin müasir silahlarla dünyaya öz əzmini, qətiyyətini bir daha sübut etdin;

-16 iyun 2021-ci ildə azad Şuşada Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti tərəfindən imzalanan, Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açan, Türkiyə dövləti, xalqı, Prezidenti ilə Azərbaycan dövləti, xalqı və Prezidenti arasında olan qardaşlığın, birliyin, həmrəyliyin dünyada analoqu olmayan bir nümunəsi olan Şuşa Bəyannaməsinə gələn yolun müəllifi oldun;

- Zəfər yolunu o dağın, dərənin, meşənin içi ilə ayaqla sən açdın;

-doğma Şuşamızda Dünya Azərbaycanlılarının növbəti V Qurultayının – Zəfər Qurultayının keçirilməsi də sənin əməyinin nəticəsidir;

Sən, həqiqətən, qəhrəmansan, Azərbaycan əsgəri!

Daim yaşa, var ol! Sən Anaların Vətənə əmanətisən.

Vətən sənə əmanət, sən də Allaha, Azərbaycan əsgəri!