YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliya Birinci Avropa Oyunlarının açılış mərasiminin təşviqi məqsədilə Lissabon-Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib

Portuqaliya Milli Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının açılış mərasiminin təşviqi məqsədilə Lissabon-Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib.

Trend-in məlumatına görə, bu ideyanın müəllifi, 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur. Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib. Bununla bağlı təşkil edilən tədbirdə Portuqaliyanı Bakıda təmsil edəcək idmançılar, məşqçilər, milli idman federasiyasının nümayəndələri, Corc Kristovaonun ailəsi və dostları daxil olmaqla yüz nəfərdən artıq şəxs iştirak edib.

Birinci Avropa Oyunları zamanı Portuqaliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Xose Qarsiya ölkənin milli bayrağını C.Kristovaoya təqdim edib. O isə iyunun 10-da Bakıya çatdıqdan sonra, bayrağı Avropa Oyunlarının açılış mərasimində daşımaq üçün X.Qarsiyaya geri qaytaracaq.

C.Kristovaoya 7000 kilometrə yaxın məsafəni qət etmək üçün elektriklə işləyən velosiped hədiyyə olunub və Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin milli olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib. C.Kristovao məktubları səfər zamanı İspaniya, Fransa (Kot de Azur ofisi), Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın milli olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq.

Portuqaliya Milli Olimpiya Komitəsi prezidentinin və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubları bütün Avropa və dünyanın bəzi ölkələrində təbliğat aparmaqla, digər Milli Olimpiya Komitələrini Avropa Oyunlarında ən yaxşı idmançıları ilə iştiraka şövq edəcək.

Tədbirin sonunda Lissabon şəhərinin yeni meri Fernando Medina C.Kristovaoya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış məktubu təqdim edib.

Ötən il Bakı-2015 Avropa Oyunları təşviqat strategiyasının işlənib hazırlanması üçün möhtəşəm açılış mərasiminə dəvətnamələr göndərərək ən yaxşı ideyaların irəli sürülməsi üçün çağırış edib. Ən çox bəyənilən fikir isə Bakıya velosiped yürüşü olub. Bu təklifə əsasən, Portuqaliya Milli Olimpiya Komitəsinin Lissabondan Bakıya doğru təşkil etdiyi yürüş bütün qitəni əhatə edəcək.

S.Kleq deyib: "Lissabondan Bakıya velosiped yürüşünün təşkili ideyasının həyata keçirilməsinə çox şadıq. Corcun səyahəti Avropa Oyunlarının açılış mərasimi haqqında bütün qitənin məlumatlandırılmasına yardım edəcək. Bakı-2015 təşəbbüsünün Avropada Milli Olimpiya Komitələri arasında ruhlandırıcı nümunə olduğunu görmək mümkündür. İyun ayında Corcu Bakıda qarşılamağı səbirsizliklə gözləyir və səyahəti zamanı ona uğurlar arzulayırıq".

Bütün səyahəti (www.lisboa2baku.com) rəsmi internet səhifəsi, eləcə də sosial şəbəkələr (Facebook, YouTube və Flickr) vasitəsilə izləmək olar.

Qeyd edək ki, 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunları qitə üzrə çox maraqlı, innovativ və çoxnövlü idman yarışları olacaq.

Bakı-2015 Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək: bunlardan 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya idman növləridir. 17 gün davam edəcək yarışlarda bütövlükdə Avropadan 6000-dən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü üzrə yarışlar, həm də, 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Bu idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.

Avropa Olimpiya Komitəsi (AOK) birinci Oyunların Bakıda keçirilməsinə 2012-ci ilin dekabr ayında qərar verib. Oyunların təşkilini və icrasını Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir.