YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayı tarixə qızıl hərflərlə yazılacaq

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Dünya azərbaycanlılarının I Qurultayı ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, ölkəmiz daha da güclənib, nüfuzunu artırıb və ərazi bütövlüyünü təmin edib.

Dünya Azərbaycanlılarının V Şuşa Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Həmin gün Şuşa şəhəri dünya azərbaycanlılarının qurultayına ev sahibliyi etdi və dünyada yaşayan azərbaycanlılar da Şuşada - öz vətənlərində bir araya gəldilər. Bu sevindirici gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun nailiyyətidir. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq.

Beləliklə, Azərbaycanda son illər ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün Azərbaycan  müxtəlif ölkələrdə hər hansı bir tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilir. Dünya azərbaycanlılarının V Qurultayı tarixə qızıl hərflərlə yazılacaq və bu görüşdə səslənən fikirlər, aparılan müzakirələr dövlətimizin imkanlarını daha da genişləndirəcək.

Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin fəaliyyətində də daim özünü büruzə verib. Ölkə başçısı qeyd edib ki, xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma vətən onları qarşılamağa hazırdır. Bu sözlər dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza nə qədər önəm verildiyinin bariz nümunəsidir.

Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə güclənməsi, daha möhkəm mövqeyə sahib olması bizim bir addım öndə olmağımız deməkdir. Onların həmin dövlətlərin siyasi aləmində, biznes mühitində olan güclü mövqeyi möhkəm Azərbaycanın adının daha da yüksəlməsi anlamına gəlir. Xaricdə yaşayan həmvətənlilərimiz bu gücdən və mövqedən Azərbaycan həqiqətlərini daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə etməlidirlər. Onların fəaliyyətindən çox şey asılıdır. Beynəlxaq aləmdə bizim haqqımızda fikrin formalaşmasında ictimai birlik rol oynamalıdır. Doğrudur, hər ölkədə səfirliklər də fəaliyyət göstərir, həm diaspor, həm səfirliklərin iş birliyi, eyni amala xidmət etməsi Azərbaycanın yararına olar. Mən düşünürəm ki, diasporlar bundan sonra öz fəaliyyətləri ilə Azərbaycanımıza daha da dəstək olmalıdırlar. Təbii ki, öz növbəsində  Azərbaycan da hökuməti və dövləti daim xaricdə olan azərbaycanlılara dəstəkdir.

Hesab edirəm ki, indi Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlayacaq. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edəcək, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini gücləndirəcəklər.