YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-iqtidar birliyi sabitliyin və inkişafın əsas amilidir

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ölkənin inkişafı və xalqın firavan həyatı uğrunda titanik fəaliyyəti Azərbaycan xalqının öz Liderinə, dövlətə və dövlətçiliyə olan  inam və etimadını daha da artırır. Mətin xalqımız  Heydər Əliyev İdeyalarına xidmət edən İlham Əliyev siyasətini ürəkdən bəyənir, yüksək qiymətləndirir və “Dəmir yumruq” ətrafında sıx birləşib.

Məhz bu monolit birliyin nəticəsidir ki, Azərbaycan xalqı öz Liderinin bir tapşırığı ilə 30 ildən artıq düşmən tapdağında olan tarixi torpaqlarını 44 günə geri qaytardı. Müzəffər ordumuz düşmənin başını əzdi və qisasını döyüş meydanında aldı. Xalq öz gücü ilə işğal altında olan torpaqlarını azad etdi və Möhtəşəm Zəfərə nail oldu. Azərbaycan xalqı 30 il davam edən danışıqlardan sonra öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının ilk Qurultayında Ulu Öndərin dərin məzmunlu çıxışı zamanı “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır” ifadəsi cənab İlham Əliyev və müzəffər ordumuz tərəfindən gerçəyə çevrildi. Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı adı ilə Azərbaycanın incisi, mədəniyyət paytaxtı, azad  Şuşada keçirildi.

Tarixi Zəfərdən sonra ilk dəfə azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi çox qürurvericidir. Bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi, dövlətimizin isə qalib dövlət kimi yaşamağa haqqı var. Qarabağ münaqişəsinin həll edilməsini özünün başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sürətlə aparıldı və Azərbaycan müasir orduya malik oldu. Gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olundu, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Vətənpərvər gənclərimiz döyüş meydanında mənfur düşmənə sinə gərərək onları tarixi torpaqlarımızdan qovdu və Zəfərimizi təmin etdi. Yəni, münaqişəyə son qoyan qəhrəman Azərbaycan əsgəri oldu. Müharibənin son günlərində Şuşada sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Döyüşlər zamanı Ermənistan ordusunda kütləvi fərarilik hökm sürürdü. Özlərinin etirafına görə, Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Məhz bu monolit birliyi görən Ermənistan məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. 

Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. Günümüzün reallığı deməyə əsas verir ki, biz bundan sonra ancaq və ancaq güclənəcəyik. Postmüharibə dövrü bu reallığı bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim birliyimizi və  gücümüzü dünyaya bəyan etdi. Bu gün xalqımız cəsur və qəhrəman xalq kimi tanınır.

“Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” –deyən ölkə başçısı cənab İlham Əliyev idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri hesab edir. Dövlət başçısının qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Onun daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir.

Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Məğrur xalqımız həyata keçirilən, səmərəli, məqsədyönlü daxili və xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Xalqın öz Liderinə inamı və Xalq-İqtidar birliyi isə Azərbaycanı yüksəlişə, yeni qələbələrə və parlaq gələcəyə aparır.

Bəli daim xalqa arxalanan cənab Prezidentimizin dediyi kimi “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq”.