YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik bir hadisədir

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının V Qurultayı və yaxud da Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik bir hadisədir. Tarixin ən möhtəşəm anını izləmək hər bir azərbaycanlıda qürur hisləri oyadır. Dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ dərdi hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara idi. Qarabağ həsrəti ürəyində dünyalarını dəyişən soydaşlarımız var. Şuşadan, Qarabağdan bir ovuc torpağı, bir damla suyu illərdir dünyanın müxtəlif ölkələrində özləri ilə daşıyan həmvətənlərimizin sayları az deyildir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratmışdır. Fəxr edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində Qarabağ və Şuşa işğaldan azad olunub. Bu gün azad Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı kimi dünyada yaşayan həmyerlilərimizə öz qollarını açır. 30 ildən sonra dünya azərbaycanlıları Şuşanın işğaldan azad olunduğu günü böyük qürur hissi ilə bayram kimi qeyd ediblər.

Müzəffər Ali Baş Komandanın Qurultayda çıxışı və dəqiqələr boyunca ayaqüstə alqışlanması sübut edir ki, cənab İlham Əliyev nəinki Azərbaycanda yaşayan azərbaycanlıların, hətta bütün dünya azərbaycanlılarının tək və əvəzolunmaz lideridir.

Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələrin qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacağını vurğulayıb: "Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Düşünürəm ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Lakin indi Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı üzərinə götürür. Əminəm ki, ötən illərin təcrübəsi soydaşlarımızın bu missiyanı da uğurla yerinə yetirəcəyini söyləməyə əsas verir".

İndi diasporumuzun qarşısında yeni hədəflər, yeni çağırışlar dayanır. Müharibədən sonra yaranmış, tərəfimizdən yaradılmış reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində diasporumuzun üzərinə böyük öhdəliklər düşməkdədir. Qurultayda Prezidentin Azərbaycan tarixinə, torpaqlarımızın müxtəlif dövrlərdə Ermənistana birləşdirilməsinə faktlarla, sübutlarla münasibət bildirməsi diasporumuzun qarşısında olan yeni hədəfləri də müəyyənləşdirmiş oldu. Cənab Prezidentin “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” deməsi həm də ölkəmizə düşmən mövqedə olanlar üçün çox vacib və nəticə çıxarılmalı ismarıclardır.

Biz müharibədən ötən 2 il ərzində dünyaya sübut edə bilmişik ki, Şuşa, Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

DİGƏR Xəbərlər Arxiv