YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada təşkili bir daha bütün dünyaya bu qədim şəhərin Azərbaycanın əzəli torpağı olduğunu göstərdi

Milli Məclisin deputatı Əliabbas Salahzadə 44 günlük İkinci Qarabağ müharibəsində  möhtəşəm Zəfərimizdən sonra yaşanan mühüm tarixi hadisələr silsiləsindən  Zəfər Qurultayının keçirilməsindən, onun rəmzi mənasından, əhəmiyyətindən, Azərbaycan diasporunun qarşısında açdığı imkanlardan geniş bəhs edərək bildirib ki,  Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada təşkili  bir daha bütün dünyaya  bu qədim şəhərin Azərbaycanın əzəli torpağı olduğunu göstərdi: “65 ölkədən 400-dən çox diaspor nümayəndəsini və qonağı bir araya gətirən Zəfər Qurultayında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizdən ətraflı bəhs etdi, postmünaqişə dövründə diasporumuzun qarşısında dayanan vəzifələri açıqladı. Bu Qurultay bir daha Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, tarixinə sahib çıxdığını, ən əsası torpağının hər daşına, qayasına bağlılığını nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrində Qarabağın tacı olan Şuşa ilə bağlı sualları cavablandırarkən “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın döyünən ürəyinin mütləq işğaldan azad ediləcəyini necə əminliklə ifadə etmişdirsə,  işğaldan azad edilməsi müjdəsini  Şəhidlər Xiyabanından xalqa çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədini də böyük qürurla yerinə yetirir.  Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması, bərpası qarşıya əsas vəzifə kimi qoyulub. İşğaldan azad edildiyi gündən azad Qarabağ  toylu-büsatlıdı, qonaqlarını qarşılayır, bir daha bu torpaqların öz sahibində olduğu üçün yenidən qurulduğu, bərpa edildiyi  dünyaya nümayiş olunur.”

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün dəstək göstərməyə hazır olduqlarını bildirir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırdılar: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqına ancaq qələbə yaraşır. Dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Şuşa BMT ilə Azərbaycan arasında əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirə ev sahibliyi etdi. Bu, bir daha qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev Zəfər Qurultayında Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyini bir daha əsaslı şəkildə diqqətə çatdırdı.”

“Son 18 ildən artıq dövrdə Azərbaycanın qazandığı uğurlara diqqət yetirək.  Dayanıqlı  iqtisadiyyat, güclü sosial siyasət, qüdrətli ordu,  milli həmrəylik, cəmiyyətdə yüksək vətənpərvərlik ab-havası, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatına dəstək, dünya azərbaycanlılarının birliyi və bunların fonunda tarixi Zəfərimiz Prezident İlham Əliyevin dövlətinə, xalqına bağlılığını, daim irəliyə doğru addımlamasını istəyən və bunu əməli fəaliyyətində təsdiqləyən Lider olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev digər qurultaylardan fərqli olaraq Zəfər Qurultayında sözün əsl mənasında qalib Prezident kimi uğurlarımızın zirvəsində dayanan Zəfərimizdən qürurla bəhs etdi və bu gün onun proqram xarakterli nitqi dünya mətbuatında da geniş işıqlandırılır”,-deyə millət vəkili bildirib.

Deputat onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyev Zəfər Qurultayındakı nitqində ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda törətdikləri vəhşiliklərdən, barbarlıqlarından da bəhs etdi: “Dünya bir daha ermənilərin vəhşiliklərinin, Azərbaycan xalqının necə qurucu xalq olduğunun şahidi oldu. Şuşanı illərdir erməniləşdirməyə çalışsalar da bunun mümkünsüzlüyünün şahidi oldular. Şuşanın hər daşı, hər küçəsi bir tarix olmaqla, Azərbaycanın kimliyinin təqdimatıdır. Bu tarixi silmək, saxtalaşdırmaq qeyri-mümkündür. Necə ki yazdıqları saxta tarixlə həqiqətləri ört-basdır edə bilmədilər.”

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycan diasporunun qarşısında dayanan hədəflərə işıq salan Zəfər Qurultayı bir daha dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza bu çağırışları etdi ki, daim doğma Vətəninizlə sıx təmasda olmalı, gənc nəsil tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi bilməli, onların təbliğinə öz töhfələrini verməlidirlər. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha da qüdrətlənməsində, möhkəmlənməsində hər birimizin payı olmalı, hər zaman  birlikdə “Qarabağ Azərbaycandır!” deyib postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıyıq.