YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin böyük tarixi xidmətlərindən biridir

Pərvin Kərimzadə

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Deputatı

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu müdrik kəlamı söyləyən, millətini, milliliyini, zamanın sınaqlarından üzüağ çıxaran dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra həyata keçirilən fəal və ardıcıl dil siyasəti sayəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə keçən əsrin 70-80-ci illərində Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhu yüksəldi.

Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi davam etdirildi. Sovet respublikalarının rəhbərləri Ana dili məsələsini gündəmə gətirməkdə çətinlik çəkirdilər. O vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətlə bildirir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”  Bu təklif 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə Ulu Öndər gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur

Ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalanır. Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilir. 2001-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayır, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunur.

Ulu Öndər Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.

“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu Öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.

Əsası Ulu Öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlət başçısının Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı çox mühüm addımlar, imzaladığı Sərəncamlar Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında öz layiqli yerini tutmasına  xidmət edir.

Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü olan Ana dilimizi bütün gözəllikləri və incəlikləri ilə qorumaq tutduğu statusdan, yaşından, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan asılıdır. Biz xarici dillərə ehtiramla yanaşmaqla bərabər Ana dilimizi yad ünsürlərdən qorumağa borcluyuq.

Zəngin dövlətçilik təcrübəsi sayəsində Ulu Öndər Heydər Əliyevin söylədiyi “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” müdrik kəlamının bu gün tam təsdiqinin şahidi oluruq.