YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan imzaladığı üçtərəfli razılaşmanın şərtlərinin icrasından qaça bilməz

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi. Görülən işlərlə bağlı xalqımıza, Azərbaycan ictimaiyyətinə hesabat verdi. Prezident son bir neçə ayda əldə olunan nailiyyətlərdən danışdı.

Prezident İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirdiyi müşavirə məzmun baxımından kifayət qədər genişdir. Eyni zamanda görülən və planlaşdırılan işlərin həcminə görə kifayət qədər seçilən, diqqətçəkən bir müşavirə idi. Ona görə də aprelin 12-də baş tutan bu müşavirə Azərbaycan ictimaiyyəti arasında çox böyük maraq doğurdu. Bu müşavirədə bütün makroiqtisadi göstəricilərə toxunuldu. İqtisadiyyatda olan inkişaf templərindən danışıldı. Bundan başqa, ölkə miqyasında aparılan islahatlar barədə ictimaiyyətə geniş məlumatlar verildi. İşğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş infrastruktur layihələrindən bəhs olundu. Ərazilərimizin minalardan təmizlənməsi prosesinə diqqət çəkildi. Planlaşdırılan irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıldı. Bundan başqa, sosial sfera, iqtisadi göstəricilərlə yanaşı, yürütdüyümüz xarici siyasətlə bağlı cənab Prezident çox geniş və ətraflı mesajlarını Azərbaycan ictimaiyyətinə çatdırdı. Dövlət rəhbəri Ermənistan-Azərbaycan münasibətlərində formalaşmış yeni yanaşmaları özündə əks etdirən nitq söylədi. Xarici işlər nazirlərinin, eyni zamanda Prezidentin bu prosesdə iştirak edən köməkçilərinin ermənistanlı həmkarları ilə ilk dəfə birbaşa təmaslarının baş tutmasına diqqət çəkildi. Eyni zamanda nizamlanma prosesində Avropa İttifaqına üstünlük verilməsi, Aİ ilə görülən işlər, ən əsası, Azərbaycanın irəli sürdüyü 5 şərtin Ermənistan tərəfindən qeyd-şərtsiz qəbul olunması və gələcək planlarla bağlı ictimaiyyətə ətraflı məlumatlar çatdırıldı. Prezident bütün bunlarla bağlı çox geniş şəkildə xalqa izahat verdi. 

Bu müşavirədə yeni və maraqlı məsələlərdən biri də ondan ibarət idi ki, Fərrux dağının bizim hərbi hissələrimiz tərəfindən azad olunmasından, onun əhəmiyyətindən danışıldı. Cənab Prezident ətrafdakı ekoloji problemlərə çox geniş yer ayırdı. Uzun illər erməni işğalı altında olmuş Həkəri çayından tutmuş digər çayları adbaad sadalamaqla gələcəkdə həmin torpaqların kənd təsərrüfatı üçün münbit dövriyyəyə qaytarılması, həmin əkinəyararlı torpaqların Azərbaycan iqtisadiyyatına verə biləcəyi töhfələrdən bəhs olundu. 

Ölkə başçısı tərəfindən 44 günlük müharibədən sonra Azərbaycan Ordusunda aparılan struktur islahatlarına toxunuldu. Yeni komando birləşmələrinin yaradılmasını, onların döyüş qabiliyyətlərinin getdikcə daha da artmasını vurğuladı. Eyni zamanda həmin birliklərin saylarının artması ilə bağlı tədbirlər görülür. Prezident yeni silahların alınması məsələsinə də toxundu. Bütün bunlar Azərbaycan ictimaiyyətinin öz dövlətinə olan inamını daha da artırır. Hələ ki, hərbi qələbəmiz diplomatik masada hüquqi baxımdan tam şəkildə öz təsdiqini tapmayıb. Burada kifayət qədər destruktiv qüvvələr var. Ermənistan tərəfindən prosesləri uzatmaq, ləngitmək məsələləri də burada önəmli “rol” oynayır. Prezident ismarıc göndərdi ki, Ermənistan zamanında tədbirlər görməlidir. Vaxtı uzatmadan qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanımalıyıq. Üstəlik, kommunikasiya xətləri açılmalıdır. Əgər İrəvan öz üzərinə düşən öhdəliyi yerinə yetirməsə, biz gözləməyəcəyik. Biz alternativ variantlardan istifadə edəcəyik. Eyni zamanda bu baş verərsə, Azərbaycan öz üzərinə götürdüyü məsuliyyətdən də imtina edə bilər. Düşünürəm ki, bu, Ermənistanın siyasi rəhbərliyinə verilmiş ən ciddi siqnal idi. Yəni Ermənistan imzaladığı üçtərəfli razılaşmanın şərtlərinin icrasından qaça bilməz. Bu, qaçılmazdır. Ermənistan bunu dərk etməlidir. 

Cənab Prezidentin ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər son dərəcə dolğun və məntiqli fikirlərdir. Prezident İlham Əliyev həmin mükəmməl nitqində növbəti dəfə doğma Qarabağımız haqda danışdı və eyni zamanda razılaşmalara əsasən nələrin edilməli olduğunu Ermənistana xatırlatdı və bildirdi ki, Ermənistan ciddi dövlət deyil, bu qeyri-ciddiliyin nəticəsində razılaşmalara hələ də tam əməl etmir.

Cənab Prezident doğru olaraq qeyd etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan da ağlını başına yığaraq həmin reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq.