YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir

“Azərbaycanın beynəlxalq müqyasda nüfuzu daha da artır, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığımız güclənir. Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində ölkəmizin xarici siaysətinin uğurları da diqqət mərkəzində oldu. Dövlətimizin başçısı  müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müşavirədə dövlət başçısının diqqət yetirdiyi məsələlər sırasında postmüharibə dövrünün reallıqları, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması idi. Cənab Prezident bir daha  dövlətimizin birmənalı və prinsipial mövqeyini, atılan addımları, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunan dövlət başçısı   “Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”, - deyə vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, hazırda Cənubi Qafqaz   regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını  və  yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar.

“Belə bir şəraitdə postmüharibə dövrünün problemləri mərhələ-mərhələ həll edilir. Ən əsası, BMT-nin nizamnaməsində əks olunmuş “sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu, onu göstərir ki, Prezident İlham Əliyev 44 günük savaş dövründə olduğu kimi, müharibəsonrası mərhələdə də maksimum nəticəni hədəfləyir və uğura nail olur.  Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bu vəziyyətdə aparıcı dövlətlər və beynəlxalq təşkilatlar üçün də ən aktual və vacib mövzudur. Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Paralel olaraq Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Bakının əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir.  Müşavirədə cənab Prezidentin ATƏT-in Minsk Qrupu haqqında fikirləri də Minsk qrupunun artıq tarixin arxivinə getdiyinə işarə edir. Beləliklə, postmünaqişə dövrü Azərbaycanın müəyyənləşdirdiyi gündəliyə uyğun olaraq davam edir. Düşünülmüş siyasət isə dövlətimizin öz hədəflərinə çatmasında ən önəmli amildir və belə də olacaq”,-deyə S.Fətəliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv