YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini daha da sürətləndirir

“Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində atılan addımlardan və onların uğurlu nəticələrindən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən, Azərbaycanın sosial-iqtisadi yüksəlişindən və inkişafı şərtləndirən amillərdən geniş bəhs edərək perspektivləri də açıqladı. Bu fikir xüsusi qeyd edildi ki, cari ilin 3 ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib. Ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır. Ölkənin hərtərəfli inkişafında əsas amillərdən olan iqtisadi tərəqqi sosial-iqtisadi göstəricilərdə özünü qabarıq şəkildə büruzə verir.  2022-ci ilin 3 ayında ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb.  Qeyri-neft ixracında 45 faiz artım mövcuddur. Onu da qeyd edək ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezident Fərman və Sərəncamlarına diqqət yetirmək kifayətdir. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bir daha bu reallığı təsdiqləyir ki, həyata keçirilən siyasətin təməlində insan amili, vətəndaş məmnunluğunun artırılması dayanır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, iqtisadi qüdrəti şərtləndirən əsas amillər ölkəmizdə həyata keçirilən təkmil islahatlar, şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması, idarəetmə sistemində təkmilləşmə, yüksək ixtisaslı gənc kadrların idarəçilikdə irəli çəkilməsi və sairdir: “Dövrün tələbinə uyğun  təkmilləşmə dayanıqlı inkişafa geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri genişmiqyaslıdır, bütün işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir ki, bu da ölkəmizin gücünü, qüdrətini, gələcəyə hesablanmış siyasətin uğurlarını nümayiş etdirir.”

Millət vəkili onu da əlavə edib ki, hazırkı mərhələ, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbulu dövrü kimi xarakterizə olunur: “BMT-nin Azərbaycanla əlaqələrinin 30 illiyini Şuşada qeyd etməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri, ATƏT-in, Avropa İttifaqının, bütün qonşu ölkələrin postmünaqişə dövrünün reallıqlarını qəbul etmələri, ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə, bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olmaları və dəstək göstərməyə hazır olduqlarını bildirmələri  tarixi Zəfərimizin uğuru olmaqla yanaşı, Qələbədən sonra ölkəmizə beynəlxalq diqqətin artmasının göstəricisidir. Azərbaycan Ermənistanla  əlaqələrin normallaşdırılması  üçün 5 prinsipdən ibarət təklif verib və qarşı tərəf bu təklifə müsbət yanaşıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.”

Malik Həsənov bildirib ki, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək: “Dövlət başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.”

“Dövlət başçısı İlham Əliyev müşavirədə yekun nitqində hədəfləri açıqladı. Tarixi Zəfərimizdən sonrakı dövrdə qarşıda dayanan əsas vəzifə  bərpa və quruculuq işlərini müasir dövrün tələbləri səviyyəsində həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Bunun üçün əsas məsələlərdən biri minaların təmizlənməsidir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır.  Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və buna uyğun olaraq işlərə start verilib. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının  hazırlanması tapşırığı verilib. Həmçinin elektrik enerjisi təchizatı prioritetdir. Azad edilmiş ərazilərdə keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması da görüləcək işlər sırasındadır. Bərpa-quruculuq işləri ölçüyəgəlməzdir, hamısını sadalamaq mümkün deyil.  Artıq bu il Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində bərpadan sonra sakinlərini qarşılayacaq. Bu il Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq bərpa ediləcəklər. Bir sözlə, planlı şəkildə  aparılan bütün  işlər öz nəticəsini verir”,-deyə Malik Həsənov bildirib.