YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ruanda hadisələri, Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər və digər soyqırım aktları artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınıb, beynəlxalq cinayət kimi qəbul olunub. Özlərini “yazıq və zavallı xalq” kimi təqdim edən erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları isə dünyada indiyə qədər də öz lazımi qiymətini almayıb.

XX əsrin əvvəllərində erməni millətçiləri soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları, kütləvi iğtişaşlar törədərək minlərlə günahsız insanın ölümünə bais olublar. Bakıda təxribatlarla başlayan qırğınlar bütün Azərbaycana yayılır. Erməni millətçiləri azərbaycanlıları dədə-baba torpaqlarını, doğma ev-eşiklərini tərk etməyə təhrik edir, qocalara, uşaqlar və qadınlara qarşı ağlasığmaz vəhşiliklər törədirdilər. Hətta ermənilərin öz mətbuat orqanları belə özlərinin vəhşiliklərindən dəhşət hissi ilə yazırdılar. Ermənilər öz sərsəm ideyalarının həyata keçməsi üçün hər zaman əlverişli məqam gözləyiblər. Onlar üçün münbit şərait 1918-ci ildə yaranır. 1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşeviklərin hakimiyyət çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə edirlər.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Gəncə və Qarsda da qırğınlar törədilib. 1918-ci il qırğınlarında Şamaxıda 8 min dinc əhali qətlə yetirilib. Şamaxı Cümə Məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. 1919 və 1920-ci illlərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və 1 əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu hadisələrin mahiyyətini və nəticələrini obyektiv araşdırmaq mümkün oldu. Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində uzun illər gizli saxlanılan erməni millətçilərinin vəhşilikləri öz hüquqi-siyasi qiymətini aldı, tarixi həqiqətlər dünyaya çatdırıldı.

Ulu öndərin layiqli varisi Prezident cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, KİV-lərdə məqalələr dərc edildi.

2021-ci ildə isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində avantürist erməni millətçilərinin mifini birdəfəlik yox etdi, azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisasını aldı.