YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir

Xətai Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının,  rayon ərazisində yerləşən 171 və 257 saylı məktəblərin  birgə təşkilatçılığı ilə Mart soqyırımı qurbanlarının xatirəsinin anım tədbirləri keçirilib

Martın 30-da  Ədalət Abbasov adına 257, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəblərdə Xətai Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının,  rayonun ərazisində yerləşən 171 və 257 saylı məktəblərin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Roza Rüstəmova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, eləcə də rayonda yerləşən 245 və  64 saylı  məktəblərinin direktorları, Xətai rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov və başqaları iştirak ediblər.

İştirakçılar əvvəlcə 31 Mart soyqırımı qurbanlarının, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət diləyiblər. 

Tədbirlərdə çıxış edən 245 və 171 nömrəli məktəblərin tarix müəllimləri Səbinə Məlikova, Ülvi Quliyev 31 mart 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat veriblər. Pedaqoqlar qeyd ediblər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədiblər: “Bolşevik-daşnak koalisiyası hazırladığı təxribatları həyata keçirdi. Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan erməni daşnak dəstələri müsəlmanlara atəş açdılar və soyqırımına başladılar. 1918-ci ildə bolşevik qoşunları və silahlı erməni dəstələri Bakıda və Azərbaycanın digər bökgələrində türk-müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törətdilər”.

Digər çıxışçılar da vurğulayıblar ki, xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 1918-ci ilin 31 martında rəvac verdikləri təxribat aktı o zamana qədər yaşananların ən dəhşətlisi idi. Müxtəlif quberniyalarda törədilən soyqırımlar zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan müsəlmanlarla birlikdə yandırılıb.

XX əsrin əvvəllərində erməni millətçilərinin  Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə amansız divan tutmalarından, tarixdə görünməmiş vəhşiliklər, talanlar törətmələrindən danışılaraq bildirilib ki, erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə əzəli yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar: “Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb, milli mədəniyyət abidələri məhv edilib. Bütün bunlar tarixi həqiqətlər, faktlardır. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata keçirilib”.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, tarix real faktlara, həqiqətlərə əsaslanır: “Ermənilər tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Belə ki, Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq aləmə çatdırmaq və xalqımızın yaddaşına həkk etdimək məqsədilə 1998-ci il martın 26-da  “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu sənəd erməni vəhşilikləri ilə  bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra araşdırmaların miqyası genişlənmiş,  çoxlu əsərlər yazılmış, kitablar çap edilmiş və bu nəşrlər müxtəlif  dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmışdır. Quba şəhərində aşkarlanan kütləvi məzarlıq ermənilərin əsl simasının açılamasında böyük yardımçıdır. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün tariximizin daha dərindən  öyrənilməsi, gələcək nəsillərə çatdırılması qarşıda dayanan əsas vəzifələr sırasındadır: “Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqsədi açıqlayır ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, vətənpərvər olmalı, tariximizi yaxşı öyrənməlidirlər. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın   Azərbaycan xalqının zəngin tarixinin təbliği istiqamətində atdıqları addımların, həyata keçirdikləri tədbirlərin miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də bunun təsdiqidir. Bu fikir daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan, eyni zamanda, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində bir daha sübut etdi”.

YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin tariximizin faciəli səhifələrinin bir daha  yenidən vərəqlənməsində, bugünkü və gələcək nəsillərin dolğun məlumatlar əldə etmələrində böyük əhəmiyyəti olduğunu bildirib.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında bildirib ki, 104 il bundan öncə martın sonundan başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ermənilər 1918-ci il  martın 31-dən başlayaraq aprelin 3-dək qadın, qoca, azyaşlı demədən azərbaycanlıları ən vəhşi üsullarla qətlə yetiriblər: “ Müstəqillik illərimizdə tarixçi alimlərimizin də araşdırmaları nəticəsində çoxsaylı yeni faktlar və sənədlər aşkarlanıb. Məsələn,  Quba şəhərindəki kütləvi məzarlıq ən böyük tarixi sübutdur. Üzə çıxmış tarixi faktlar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayı isə qat-qat artıqdır”.

Tədbirlərdə məktəblilərin ifasında erməni vəhşiliklərinə şahidlik edən soyqırımı aktlarına həsr olunmuş şeirlər səsləndirilib, həqiqətlərimizin təbliğinə yönələn səhnəciklər təqdim olunub.