YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu strategiya nəticəsində ölkəmizdə hər bir sahədə davamlı inkişaf yaşanmaqdadır. Son illər ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri də energetika sahəsidir. Energetika sahəsində əldə edilən uğurlar digər sahələrin inkişafına da geniş imkanlar açır. Xüsusilə, ölkəmizin elektrik təsərrüfatının yenidən qurulması, bu sahədə müasir texnologiya və innovasiyaların tətbiqi Azərbaycanı elektrik enerjisi ixrac edən ölkəyə çevirmişdir. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə elektirk enerjisinin istehsalı ancaq ekoloji cəhətdən təmiz mənbələr əsasında qurulmuş, son bir-iki ildə isə bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə prioritet olmuşdur. Bu baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi ölkəmiz üçün önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir. Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. Bu şirkət bir çox ölkələrdə uzun illərdir ki, uğurla fəaliyyət göstərir. “Masdar” şirkətinin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Eyni zamanda bu hal Azərbaycanın xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olduğunun göstəricisidir.

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda çox gözəl investisiya iqlimi formalaşmışdır. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirən bir ölkədir. Qeyri-neft sektoruna böyük həcmdə xarici sərmayənin qoyulması dövlətin əsas prioritetlərindəndir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulmuş, bu da öz növbəsində enerji sahəsində istədiyimizə nail olmağa imkan yaratmışdır. Bu gün ölkədə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial vardır. Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisinin ixracını artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Hər bir yeni stansiyanın inşa olunması isə ixrac imkanlarımızı daha da artırır. Qaradağ Günəş Elektrik Stansiyasının da bu baxımdan böyük əhəmiyyəti olacaqdır. Qaradağ Günəş Elektrik Stansiyasının icraçısı olan “Masdar” şirkəti ölkəmizlə dostluq əlaqələri olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri çox yüksək səviyyədədir. Ölkələrimiz həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət əlaqələri davamlı olaraq artır. Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması ilə ölkələrimiz arasında bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa start verilmiş oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Belə ki, yanvar ayında Səudiyyə Ərəbistanının məşhur “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Bundan əlavə, fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı olub. Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı Prezident cənab İlham Əliyev qeyd etdi ki, 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır.  Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

Azərbaycanda bərpaolunan enerji növlərinin potensialının həddindən artıq böyük olması dünyanın aparıcı enerji şirkətlərini Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə sövq edir. İşğaldan azad edilmiş ərazilərimiz də böyük potensiala malikdir. Aparılmış dəqiq hesablamalara əsasən günəş və külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu istiqamətdə artıq ilkin addımlar da atılır. Belə ki, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa olunub. Cari ildə isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaq və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün isə daha böyük potensial vardır.

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı Prezident cənab  İlham Əliyev çıxışında cari ilin iki ayı ərzində ümumi daxili məhsulun 6,7 faiz, qeyri-neft sektorunun 10,1 faiz, qeyri-neft sənaye istehsalının isə təxminən 21 faiz artdığını açıqladı. Rəqəmlərdən də göründüyü kimi ölkəmizdə sənaye və iqtisadiyyat durmadan inkişaf edir. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir və bu  cəmi 7,4 milyard dollar təşkil edir. Məhz bütün bu müsbət amilləri nəzərə alaraq həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Həmçinin 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası  da ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.

Zəngin neft və qaz yataqlarının olması, bu yataqların uğurlu istismarı və ən əsası ölkə başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsinin olması Azərbaycanda müasir infrastrukturun yaradılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində demək olar ki, dünyanın əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri yaradılmışdır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır və Azərbaycanın dayanıqlı inkişafını təmin edir.