YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində “Xoşməramlı Səfiri” adına layiq görülmüşdür. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır.

Nəzərə alsaq ki, tarixin bütün dövrlərində erməni millətçiləri ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyaları ilə məşğul olmuşlar. Burada məqsəd Azərbaycan tarixini saxtalaşdırmaq və guya Azərbaycanın heç bir dövlətçilik və mədəni tarixinin olmadığına dünya ictimayətini inandırmaq olub. Bu baxımdan Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan tarixi və mədəniyyətinin dünyaya tanıdılmasına ciddi təkan vermişdir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi zəfər artıq 2 ildir ki, qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur, əminik ki, bundan sonra ölkəmiz bütün bayramları sülh və əminamanlıq şəraitində keçirəcək.