YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Şanlı Qarabağ Zəfəri yurdumuza əbədi bahar gətirdi

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyev ("Azərbaycan" qəzeti, 24.03.1998)

Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlının sözlərinə görə, Azərbaycan xalqının ruhunun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq ikinci ildir ki, həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Əmin olmağa dəyər ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik”.

Deputat Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə kimi dəyərləndirildiyi qənaətindədir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır”.

A.Naxçıvanlı Azərbaycanda hakimiyyətlə müxalifət arasında qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyətin formalaşdığını və bu siyasətdə bayramlaşma təcrübəsinin hər il Novruz ərəfəsində özünü bariz şəkildə göstərdiyini də vurğulayıb: “Azərbaycan xalqının milli adət-ənənəsinə görə dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir”.

Deputat zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsini, bayram adətlərini, onun ayrı-ayrı  detallarını da təqdir edib, atributlarını incələyib, Novruz ənənələrinin incəsənətimizdə inikasına dair misallar çəkib, xalqı birləşdirən bayram şənliklərinin əhəmiyyətini vurğulayıb: “Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların konsertləri keçirilən kütləvi bayramdır. Meydanlarda komik tamaşalar göstərən Kosa qışı, Keçəl isə yazı simvolizə edir... Son olaraq isə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulayıram”.

DİGƏR Xəbərlər Arxiv