YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə daxil olub

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

90-cı illərin əvvəlində ölkəmizdə yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdı. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması - gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi.

Eyni zamanda müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedmiş, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Vəziyyət olduqca mürəkkəb idi. Belə bir vəziyyətdə yeni siyasi partiyanın yaranması artıq zərurətə çevrilmişdi.

1992-ci il 21 noyabr tarixində Azərbaycanın siyasi səhnəsində Yeni siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yarandı. Həmin ağır və gərgin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın Müdrik Lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər.

Bu cəsarətli addımlar nəticəsində həmin dövrdə Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə Azərbaycanda bu qərar qəbul edilməsə, Ulu Öndər yenidən hakimiyyətə gəlməsə Azərbaycan qısa vaxtda çox ağır duruma düşə bilərdi, ölkə müstəqilliyini itirə bilərdi. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən etnik separatçılıq meylləri ölkəni uçuruma aparırdı. Belə bir vəziyyətin qarşısını yalnız Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ala bilərdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdi, Onun özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgənin ən güclü partiyalarından birinə çevrildi.

Sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Partiyanın nüfuzu, üzvlərinin sayı daha da artdı.

Sonrakı dövrdə YAP-ın VII qurultayda yeni Nizamnamə təsdiq olundu, Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi, Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu.

Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı.

Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Beləliklə YAP yeni inkişaf mərhələsinə daxil oldu.

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.

Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında özünə məxsus yeri var. Partiya Azərbaycandakı digər partiyalarla sıx əməkdaşlıq edir. Partiyanın fəaliyyətində siyasi dialoqun inkişafı prioritet fəaliyyət istiqamətlərindən birini təşkil edir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.