YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya enerji bazarında Azərbaycan qazına böyük ehtiyac var

Kamilə Əliyeva

Milli Məclisin deputatı

XX əsrin sonlarında ulu öndər Heydər Əliyev dünyanın ən böyük layihələrindən biri olan “Əsrin müqaviləsi”ni imzaladı. Bununla da dünyanın enerji tələbatına böyük töhfə verəcək bir layihə reallaşdı. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft yataqlarının Avropanın böyük dövlətlərinin neft şirkətləri ilə birgə istismarı və hasil olunan Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan dünya iqtisadiyyatında mühüm rol oynamağa başladı. Azərbaycan neftinin dünya bazarına çıxarılması nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilməyə başladı. O zamanlar “Əsrin müqaviləsi”nin reallaşmasına bir sıra böyük dövlətlər mane olmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin dahiliyi, siyasi iradəsi nəticəsində Azərbaycanın tarixində qızıl dövr başladı.

Alternativi olmayan Heydər Əliyev siyasi və iqtisadi kursunu bu gün prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident seçildikdən sonra cənab İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycan neftini və qazını Avropaya çatdıracaq bir neçə yeni kəmər inşa edildi. Avropaya ixrac olunan neft və qaz Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirməklə yanaşı siyasi arenada da ölkəmizə böyük siyasi nüfuz qazandırmış oldu. Bu gün Avropanı çətin vəziyyətə salan enerji böhranında Azərbaycan xilaskar rolunu oynayır. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlandı və Azərbaycan qazı Avropaya ixrac edilməyə başladı.

Fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edilən Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışdı. Keçən il bu dəhliz vasitəsilə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Türkiyəyə 8,5 milyard, İtaliyaya 7 milyard kubmetrə yaxın, qalan hissəsi isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac edilib. Bu coğrafiya yaxın gələcəkdə daha da genişlənəcək. Bu gün dünyanın enerji bazarında Azərbaycan qazına böyük ehtiyac var. 2006-cı ildən Azərbaycan qazı ixrac edilir və bu günə qədər təchizatla bağlı heç bir problem yaşanmayıb və fasilə olunmamışdır. Bu səbəbdən Avropa İttifaqına üzv və üzv olmayan digər dövlətlər Azərbaycanla ikitərəfli əməkdaşlığa maraq göstərirlər. Bu dövlətlər Azərbaycanı özlərinə ən etibarlı və dost ölkə sayırlar.

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən sayılır. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Ən önəmli məsələlərdən biri də bu layihəyə dünyanın nəhəng maliyyə institutlarının da öz dəstəyini göstərməsidir.

Hesablamalara görə, Azərbaycanda 2,6 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. Bununla bərabər ölkəmizdə yeni qaz yataqlarının mövcud olduğu müəyyənləşdirilib. Deməli, Azərbaycanın qaz ehtiyatlarının həcmi daha da artacaq. Azərbaycanda istifadəyə veriləcək yeni qaz yataqlarının hesabına işğaldan azad edilmiş ərazilərimiz 100% təbii qazla təchiz ediləcək. Artıq bu istiqamətdə ilkin layihələndirmə işləri aparılmaqdadır.

Ölkəmiz elektrik enerjisi ixracında da böyük layihələrə imza atmışdır. Azərbaycan dörd qonşu ölkəyə, Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edir. Region ölkələrinin iqtisadi cəhətdən inkişaf etməsində də Azərbaycan önəmli rol oynayır.

Azərbaycanda bərpa olunan enerji sahəsinin də inkişaf etdirilməsi üçün ölkəmiz dünyanın böyük şirkətləri ilə müqavilələr imzalayıb. Azərbaycan coğrafi baxımdan elə məkanda yerləşir ki, həm günəş, həm də küləkdən ilboyu enerji hasil etmək mümkündür. Bu enerji resursları bərpa olunan enerji olmaqla yanaşı, bu sahəni inkişaf etdirməklə neft və qazımıza da qənaət etmiş olarıq.

Prezident cənab İlham Əliyevin yaxın 100 ilə hesablanmış iqtisadi siyasəti nəticəsində Azərbaycan gələcəkdə də dünyanın ən aparıcı dövləti olacaq.