YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malik layihədir

Anar Məmmədov

Milli Məclisin deputatı

“Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Toplantıda nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”ni icra etməyə kömək etdi: “Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. “Cənub Qaz dəhlizi” layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik”.

Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının bundan öncə də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri var idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.

Nəzərə alsaq ki, 2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir. Beləliklə, layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndir. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış bu təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə edəcək. Bununla da Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq.