YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır

Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanda gəncliyə diqqət və qayğıdan geniş bəhs edərək bildirib ki, bu gün hansı sahəyə diqqət yetirsək daim yeniliyə maraq göstərən gənclərin fədakarlığını, səylərini birləşdirmək bacarıqlarını görərik: “Dövr, zaman dəyişir. Hər dövrün öz tələbləri var. Ulu Öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısının təzahürü olan Gənclər Gününün təsis edildiyi 1997-ci ildən bizləri 25 il zaman ayırır.  Bu illər Azərbaycan gəncliyinin həyatında əlamətdar hadisələrlə yadda qalıb. Ən əsası bu illərdə ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gəncliyin inkişafına yönələn Fərman və sərəncamlarına, təsdiqlədikləri Dövlət proqramlarına, qəbul etdikləri qərarlara, irəli sürdükləri təşəbbüslərə diqqət yetirsək, hər birinin bu günümüz üçün möhkəm təməlin formalaşmasında əhəmiyyətini aydın şəkildə görərik. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü gənclərə qayğı ilə diqqət çəkir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider gənclər siyasətini dövlət siyasətinin əsas tərkib hissəsi kimi öndə saxladı, onların inkişafına, dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət göstərdi”.

Deputat 2003-cü ildən sonrakı dövrün təhlili fonunda qeyd edib ki, möhkəm təməl  uğurların davamlılığında əhəmiyyətli rol oynayır: “Son 18 ildə ulu öndər Heydər  Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin gənclərə diqqət və qayğısı imzalanan Fərman və sərəncamlarda, təsdiqlənən Dövlət proqramlarında, qəbul olunan qərarlarda öz əksini tapır. Ölkə Prezidenti gənclərlə görüşlərində daim bu çağırışı edir ki, Azərbaycan gəncliyi milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, dövlət maraqlarını hər şeydən üstün tutmalıdır. Bu fikir də xüsusi qeyd edilir ki, gənclərimiz müstəqil Azərbaycanın vətəndaşı olduqları üçün fəxr etməlidirlər. Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu inkişafı şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyevin bu çağırışıdır: “Biz əldə etdiyimiz uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq”.

C.Paşazadə vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı kimi, gənclərimiz də qürurludur: “30 il işğal altında qalan torpaqlarımız 44 gündə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü, qüdrəti sayəsində öz sahibinə qovuşdu. Azərbaycan gəncləri torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq öz qanları, canları ilə Zəfər tarixini yazdılar. Zəfərimiz qürurumuzu özümüzə qaytardı, məğrur, yenilməz xalq olduğumuzu dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışlarında, müsahibələrində bu məqam xüsusi yer alır ki, 44 günlük Vətən müharibəsinin əsas iştirakçıları, tarix yazan qəhrəmanları onun Prezidentliyi dövründə böyüyən gənclərdir”.

“Tarixi Zəfərimiz gənclərimizə olan inamı, etimadı daha da artırdı” söyləyən millət vəkili qeyd edib ki, bu gün Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir: “Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaradıb. Bu reallıqların təqdimatı və təsdiqi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət öz müsbət nəticələrini verir. Bu prosesdə gənclərimizin də üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan ki, döyüş meydanında böyük qəhrəmanlıq, fədakarlıq göstərib tarix yazan gənclərimizlə yanaşı, kompyuter arxasında oturub  Azərbaycanın əleyhinə təbliğat aparan dairələri tutarlı faktlarla yerində oturdan gənclərimiz də çoxdur. Onlar müasir dövrün   yaratdığı imkanlardan maksimum istifadə etməklə informasiya cəbhəsində də üstünlüyümüzə öz töhfələrini verməyə səy göstərirlər”.

C.Paşazadə diqqəti dövlət başçısı İlham Əliyevin 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə paylaşımında qeyd etdiyi fikirlərə yönəldib: Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. 

“Təbii ki, bu inamın, güvənin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev yüksək intellektə, biliyə, savada malik olan gənclərin irəl çəkilməsinə, ən yüksək vəzifələrdə təmsil olunmalarına diqqət göstərir. Həyata keçirilən kadr islahatları öz uğurlu nəticəsini verir. Ölkə Prezidenti gənclərin potensialından səmərəli istifadəni qarşıya prioritet məsələ kimi qoyur.  Gənclər Günündə ölkə Prezidentinin imzaladığı “2022-ci il Gənclər üçün Prezident mükafatlarının  verilməsi haqqında” Sərəncamı gənclərə böyük bayram hədiyyəsi oldu. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin gənclərə dəstəyi yönümündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 gəncə  ildə bir dəfə on min  manat məbləğində verilir”, deyə millət vəkili bildirib. 

Hər bir bayram tədbirinin bir hesabat olduğunu önə çəkən C.Paşazadə keçilən yola baxış fonunda Azərbaycan gəncliyinin qazandıqlarından, dövlətinin, xalqının bu günü və gələcəyi üçün  etdiklərindən, vətənpərvərliklərindən qürur hissi keçirdiyini bildirib, onlara uğurlar arzulayıb.