YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: “3+3” formatı region ölkələrinin maraqlarına cavab verir

“Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq platforması təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük imkanlar vəd edir. Hesablamalara görə, “3+3” formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətə malikdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına istiqamət götürüblər, amma regional əlaqələr zəifdir. Regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər.

R.Əliyevin sözlərinə görə, “3+3” formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhlz vasitəsi ilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib. İclas Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədirliyi ilə baş tutub. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın gələcəkdə “3+3” formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər. Qloballaşmaya nisbətən regional siyasətin gücləndiyi bir vaxtda “3+3” formatı bütün iştirakçıların maraqlarına cavab verir. Qarabağ probleminin həllindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq “3+3” formatı üçün üçün geniş imkanlar imkanlar yaradıb”.