YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizə 20 Yanvar kimi bir şanlı gün əlavə olundu

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru

Bu gün Azərbaycan xalqı “Qara Yanvar” faciəsinin 32-ci ildönümünü qeyd edir. XX əsrin sonu dünyada baş verən iki mühüm hadisə, 1989-cu ildə ADR və Qərbi Berlin arasındakı sərhəd istehkamı olan Berlin divarının dağıdılması və 1991-ci ildə SSRİ-nin süqut etməsi bir çox dəyişikliklərə gətirib çıxardı. Belə ki, yenidənqurma siyasəti və aşkarlıq adı altında yürüdülən siyasət müxtəlif nəticələrə o cümlədən SSRİ-nin münaqişə zonalarından (Əfqanıstan, Afrika) eləcə də Almaniyadan qoşunlarının çıxarılması ilə nəticələndi. SSRİ-nin dağılmasının sürətlənməsi keçmiş sovet sosialist respublikalarının xalqları arasında yeni mübaqişə ocaqlarının eləcə də müharibələrin yaranmasına gətirib çıxartdı və yeni müstəqil dövlətlərin yaranmasına, SSRİ-nin isə öz yerini Müstəqil Dövlətlər Birliyinə (MDB) verməsi ilə nəticələndi. Bu dövrdə Sovetlər birliyinin dağılması prosesi daha da sürətləndi və keçmiş birliyə aid olan xalqlar arasında münaqişələr alovlanmağa başladı. Bu proses Avropa ölkələrinin (Yuqoslaviya, Çexoslovakiya) parçalanması, yeni yaranan münaqişə ocaqlarının (Balkan və Qarabağ) alovlanması və həmçinin 1991-ci ilin oktyabrında Azərbaycanın və eləcə də digər sovet sosialist ölkələrinin ard-arda müstəqilliklərinin elan edilməsi ilə sovet dövrünün sonu olaraq tarixə düşdü.

Azərbaycan xalqı öz müstəqilliyini 1991-ci ilin oktyabrında yenidən qazandı. Lakin bu müstəqillik digər SSRİ xalqlarında olduğu kimi asan, itkisiz və qansız başa gəlmədi. Tariximizə 20 Yanvar kimi bir şanlı gün əlavə olundu. Son illərə qədər biz bu günü kədər və qüssə ilə qeyd etdik. Bu illər ərzində sovet əsgərinin sovet vətəndaşına necə güllə aça biləcək ixtiyarda ola biləcəyini anlamağa çalışdıq. Həmin günün tarixini yaşayan, eləcə də bu günki nəsil, Azərbaycan xalqı fəxr edir ki, 20 Yanvarda öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda şəhid etmiş övladları olub. Bu gün Azərbaycan xalqının tarixində müstəqillik uğrunda qazandığı şanlı bir gündür.

Eyni zamanda qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilmiş Qanlı Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verən məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, faciənin səhəri günü 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycan nümayəndəliyinə gəlmiş və Azərbaycan xalqının başına gətirilmiş bu soyqırımı nəinki şiddətlə qınamış, eyni zamanda faciəni törədənləri və əsas səbəbkarları açıqca ifşa etmiş və bildirmişdir ki, ...belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Vurğulamaq yerinə düşər ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanı ilk dəfə dövlət səviyyəsində verilmiş siyasi-hüquqi qiymət kimi tarixə düşmüşdür. 

Həmin illərin hadisələrini analiz etdikdə görürük ki, Azərbaycan xalqı üçün müstəqilliyə gedən yol heç də asan olmamışdı. Azərbaycanda Mixail Qorbaçov rəsmən “xalq düşməni” hesab olunur. Belə ki,  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985-1991), SSSR-nin ilk və son prezidenti Qorbaçovun erməni lobbisinin təsiri altına düşərək Qarabağı Azərbaycandan necə təcrid etdiyini bütün Azərbaycan vətəndaşları yaxşı xatırlayır. 1980-cı illərin sonlarından 2020-ci ilin sentyabr ayına qədər son 30 ildə Qarabağ münaqişəsi keçmiş SSRİ-də Gürcüstan və onun separatçı Abxaziya və Cənubi Osetiya respublikaları, yaxud Moldova ilə Dnestryanı arasında olan bir neçə dondurulmuş münaqişədən biri idi. 1988-ci ildən başlayaraq Qarabağda baş verən hadisələrə artıq azərbaycanlılar deyil, erməni separatçıları rəhbərlik edir. 1988-ci ilin martında SSRİ-də Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafı haqqında xüsusi qərar qəbul edilir. Qərara əsasən SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-cu il yanvarın 12-də Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində Azərbaycanın səlahiyyətlərinin götürülməsi, sonra isə ona verilməsi üçün xüsusi idarəetmə formasının tətbiqi haqqında rəhbərliyin Mərkəzin nümayəndəsinin başçılıq etdiyi xüsusi administrasiya komitəsinə, bu isə Dağlıq Qarabağın ayrılmasını nəzərdə tuturdu. Sovet administrasiyası bu problemə xüsusi diqqət yetirərək regionda vəziyyətin normallaşması görüntüsü yaratmağa çalışır. Eyni zamanda Azərbaycan xalqının böyük faciəsinə və Qarabağda ilk etnik zəmində münaqişənin alovlanmasına susur. Həmin dövrdə bu məsələdə Azərbaycanın o zamankı rəhbərliyinin neytral mövqe tutması öz xalqına qarşı ən böyük xəyanətdir. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayət Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən iclasda Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilir.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın ilhaqı haqqında fərman qəbul etdi. Bu fərman SSRİ və Azərbaycan Konstitusiyalarına zidd idi. Belə ki, Sovet Respublikasının ərazisi yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Moskvanın Azərbaycana qarşı tendensiyalı siyasəti qəzəb və kütləvi etirazlara səbəb olur. Vəziyyətə nəzarət etmək üçün Moskva hərbi müdaxiləni seçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da ölkədə fövqəladə vəziyyət elan edilmədən ölkə ərazisinə yeridilən 26 min sovet qoşunları 5 müxtəlif istiqamətdə Azərbaycanın paytaxtı Bakıya daxil olur. Sovet əsgərləri tanklardan və zirehli texnikadan sovet vətəndaşlarına atəş açır. Hadisə nəticəsində yüzlərlə dinc sakin həlak olub, yaralanıb və itkin düşüb. Xalqımızın yaddaşına Qanlı Yanvar kimi düşən o gecənin qanlı statistikası kifayət qədər ağırdır: 137 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Ölən 137 nəfərdən 117-i azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi və 3-ü tatardır.

1987-1991-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin tərkib hissəsi kimi bütün azərbaycanlı əhalinin Ermənistandan tamamilə qovulması siyasəti həyata keçir və 200 minə yaxın azərbaycanlı öz dədə baba yurdlarından qovulur. Əgər XX əsrin əvvəllərində indiki Ermənistan ərazisinin demək olar ki, yarısını azərbaycanlılar təşkil edirdisə, bu gün qeyri-rəsmi statistikaya görə Ermənistanda əsirlərdən başqa bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda isə qeyri rəsmi statistikaya görə yaşayan ermənilərin sayı 20 min nəfərdən çoxdur.

1988-ci ildən 1994-cü ilə qədər Cənubi Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında Azərbaycanın ərazisində yerləşən Dağlıq Qarabağa nəzarət uğrunda müharibə baş verir. Müharibə Azərbaycan torpaqlarınının uşğalı ilə başa çatır. Münaqişə 1992-ci il fevralın 23-dən 26-na kimi Xocalı qətliamı ilə pik həddə çatır və bu qətliamda 613 nəfər, o cümlədən 106 qadın və 83 uşaq həlak olur.

İkinci Qarabağ müharibəsi və ya “Dəmir yumruq” əməliyyatı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə tarixə düşdü. 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısının alınması məqsədilə əks-həmlə əməliyyatlarına başlayır. Respublika ərazisində hərbi vəziyyət elan edilir və ölkədə qismən səfərbərlik elan edilib.

2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad edildiyini elan edir və noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında bütün hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalayır. Nəhayət 30 il davam edən münaqişə Azərbaycanın BMT-nin 1993-cü ildən qəbul etdiyi 4 qətnamənin tələbinə görə (No822, 853, 874, 884) Ermənistanın işğalına son qoyur və öz ərazi bütövlüyünü bərqərar edir.

Razılaşmaya əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan, heç bir itki vermədən azad edilib. Müqaviləyə Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi də daxildir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müqavilə həmçinin Rusiya sülhməramlı qüvvələrinin bölgədə beş il müddətinə qalması və atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə müşahidə mərkəzinin yaradılmasını nəzərdə tutur.