YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam münasibətləri: Dayanıqlı tərəfdaşlıqdan strateji əməkdaşlığa

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Vyetnamın “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf xəttini müəyyən edən siyasi çərçivə kimi dəyərləndirilir. Azərbaycan-Vyetnam münasibətləri XX əsrin ortalarından etibarən qurulmağa başlamışdır. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, dəstək və dostluq təşkil etmişdir.

1959-cu ildə Vyetnam Prezident Ho Şi Minin Azərbaycana səfəri, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında diplomatik əlaqələrin təməlini qoyub. Sovet dövründə minlərlə vyetnamlının Azərbaycanda təhsil alması, müxtəlif sahələrdə ixtisaslaşması və Azərbaycan mütəxəssislərinin Vyetnamın sənaye və neft sektorunun formalaşmasında iştirakı da bu tarixi əlaqələrin dərinliyindən xəbər verir. Bu xüsusda Azərbaycan Prezidentinin “Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb” fikri ikitərəfli elmi-intellektual mübadilənin müsbət təsirini vurğulayır.

2014-cü ildə dövlətimizin başçısının səfəri zamanı imzalanmış sənədlər mühüm baza formalaşdırmışdır. Ticarət dövriyyəsinin 2024-cü ildə 223,93 milyon ABŞ dollarına çatması isə münasibətlərin real iqtisadi mahiyyətini əks etdirir.

Prezident İlham Əliyev qeyd edib: “Bu göstərici hələ son hədd deyil, biz bu səviyyəni gələcəkdə daha da artıra bilərik”. İki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı genişlənməkdədir. Enerji sahəsində strateji təmas nöqtələri də diqətçəkəndir. Azərbaycanın neft sənayesi ilə Vyetnam arasında əlaqələrin dərin kökləri vardır. 1980-ci illərdən etibarən Azərbaycan neftçiləri Vyetnamda fəaliyyət göstərmiş, “Petrovietnam” şirkətinin əsasının qoyulmasında iştirak etmişlər. Azərbaycan Prezidentinin vurğuladığı kimi, “Petrovietnam”ın törəmə şirkəti olan “Vietsovpetro”nun ilk baş direktoru azərbaycanlı mühəndis olmuşdur. Bu faktlar təkcə peşəkar əməkdaşlıq nümunəsi deyil, həm də enerji sahəsində strateji sinergiyanın göstəricisidir. Hazırda isə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refining and Petrochemical JSC” şirkəti arasında bağlanmış müqavilə iki ölkənin enerji bazarlarında birgə fəaliyyət niyyətlərini təsdiqləyir. Bu, Azərbaycan üçün enerji məhsullarının ixrac coğrafiyasının genişlənməsi, Vyetnam üçün isə texnologiya transferi baxımından əhəmiyyətlidir. Humanitar körpülər də dayaıqlı sütunlar üzərində qurulub. Yumşaq güc siyasətinin nəticələri sevindiricidir.

Bu əməkdaşlıq modeli Azərbaycanın Asiya-Sakit Okean regionunda daha fəal iştirakına, alternativ diplomatik platformalar yaratmasına imkan verəcək. Xüsusən də, qlobal dəyişikliklər fonunda Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasət kursu üçün belə tərəfdaşlıqlar yeni fürsətlər yaradır. Azərbaycan–Vyetnam münasibətlərində gələcək mərhələ nəqliyyat, turizm və insan resursları sahələrində yeni təşəbbüsləri əhatə edir. Prezident İlham Əliyev Bakı ilə Hanoy arasında birbaşa aviareysin açılmasının zəruriliyini vurğulayır. Bu, yalnız turizm axınının artmasına deyil, həm də işgüzar səfərlərin, mədəni layihələrin və tələbə mübadiləsinin intensivləşməsinə xidmət edə bilər.

Azərbaycan Prezidenti ekoloji siyasət, səhiyyə, təhsil və innovasiya sahələrində də əməkdaşlıq imkanlarının olduğunu xüsusi qeyd edib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və qlobal ekoloji gündəmdə aktiv rolu bu əməkdaşlığa əlavə dəyər qatır. Dövlətimizin başçısının müsahibəsi Azərbaycan diplomatiyasının çoxvektorlu və strateji xarakterini bir daha təsdiqləyir.