YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar 1990-cı il müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 32 il ötür. Bu münasibətlə bütün   idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsl mahiyyəti geniş təhlil olunur. Faciələrimizi unutmamalı, indiki və gələcək nəsillər onlar barədə dolğun məlumatlandırılmalıdırlar.

Yanvarın 17-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və 194 saylı məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbir də bu silsilədən idi.

Tədbirin keçirildiyi 194 saylı məktəbin akt zalında Azərbaycanın Dövlət Himni səsləndirildikdən, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir məktəblilərin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin və mahnıların səsləndirilməsi, səhnəciklərin təqdimatı ilə davam edib. Bu təqdimatlarda bir məqam öz əksini tapmışdı:  Şəhidlik yüksək zirvədir.  Yüz illər keçsə də şəhidlər unudulmayacaq, onların əziz xatirəsi hörmətlə anılacaq.  Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər. Elə buna görə də Qanlı Yanvar hadisələrinin ildönümlərini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd edirik.

194 saylı məktəbin direktoru Elnarə Zeynalova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu fikirlərini xüsusi qeyd edib ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz tariximizi bilməli, xalqımızın başına gətirilən faciələr barədə dolğun məlumatlara malik olmalıdırlar. Gənclərimizin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyəsində məktəblərin rolunu nəzərə alsaq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətinin olduqca böyük olduğunu aydın görərik.

E.Zeynalova məktəblilərin tədbirlərin təşkilində fəallığından bəhs edərək bildirib ki, onların iştirakı ilə hazırlanan səhnəciklər, eyni zamanda, səsləndirilən şeirlər özlərində böyük məna kəsb edərək gələcəyimizə böyük inamla bağlı   öz həmkarlarına bir çağırış kimi dəyərləndirilməlidir: “Hər birimiz müstəqilliyimizin qorunması, torpaqlarımızın azadlığı yolunda canlarından keçmiş qəhrəmanlarımızı tanımalıyıq. Bu müqəddəs amallar uğrunda canlarını qurban vermiş Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu gün böyük iftixar hissi ilə torpaqlarımızın işğaldan azad edilməsindən, üçrəngli bayrağımızın 30 il işğal altında qalan, amma heç zaman azadlığa qovuşacağına ümidini itirməyən torpaqlarımızda dalğalanır. Bunun üçün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.  Artıq iki ildir ki, 20 Yanvar faciəsinin ildönümünü başqa ovqatda qeyd edirik.  Gözlərimiz şəhidlərimiz üçün yaşlı olsa da, digər tərəfdən sevinclidir. Çünki bu gün Qarabağımız azaddır”.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan sonsuz qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda mücadiləsinə güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu: “Baş verən hadisələr sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən göstərilən sonsuz ehtiram və dövlətimiz tərəfindən verilən yüksək qiymətdir. Şəhidlərin uğrunda canlarını qurban verdikləri Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın imzasının imzalar arasında daha parlaq görünməsini şərtləndirir. Bu gün müstəqil Azərbaycana hansı tərəfdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycan 2020-ci ildə misilsiz Zəfəri ilə adını tarixə qalib ölkə kimi yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı faciələrimizin ildönümlərində o anları kədərlə xatırlasa da, 30 ilin işğalına son qoyulmasından sevinclidir. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu baxımdan keçmişimizə baxaraq gələcəyimizi daha böyük hədəflər üzərində qurmalıyıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün məhz bu çağırışı edir ki, daim gələcəyə baxmalıyıq. Qalib Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradır. Zəfərimiz qürurumuz, milli kimliyimiz, baş ucalığımızdır”.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov vurğulayıb ki, 20 Yanvar faciəsi şəhidlərinin   anım günlərində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə mərasimlər, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır.  Dövlətimizin uğurlu siyasəti nəticəsində tarixi həqiqətlərimiz əsaslı şəkildə təbliğ edilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.

P.İmanov tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, müstəqilliyimizin qorunması və torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən şəhidlərimizin adı əbədiləşdirilir, onların adına  küçə və məktəblər vardır. Bu kimi addımlar şəhidlərimizi unutmamağa, onların həyat yolunu daim özümüzə örnək kimi qəbul etməyə bir çağırışdır.

Çıxışlarda ümumi fikir bu olub ki, 20 Yanvar qırğını və digər faciələr zamanı   mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız o müdhiş 20 Yanvar gecəsini daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.