YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfrans keçirilib

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfrans keçirilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluğu ilə keçirilən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bu gün dünyada həm dayanıqlı və dinamik inkişafa malik ölkə, həm etibarlı tərəfdaş, həm də güclü - nüfuzlu dövlət kimi tanınır. Bunu təmin edən amil isə milli maraqlara, müasir çağırışlara, aktual trendlərə və tendensiyalara, həmçinin yeni reallıqlara uyğun daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Təbii ki, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan mütərəqqi siyasəti qətiyyətlə, inamla və uğurla davam etdirməsi Azərbaycanın davamlı nailiyyətlər qazanmasını şərtləndirir. Şübhəsiz ki, həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin zirvə hadisəsi - ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. İnkaredilməz həqiqətdir ki, ötən müddət ərzində Azərbaycan Prezidentinin səmərəli iqtisadi siyasəti, məqsədyönlü ordu quruculuğu, həmçinin çoxvektorlu xarici siyasət strategiyası nəticəsində Azərbaycanın milli gücü artıb, qarşıda duran ən mühüm vəzifənin – Qarabağ probleminin həlli vəzifəsinin yerinə yetirilməsi üçün əlverişli və münbit şərait yaranıb. Başqa sözlə, görülən işlər Azərbaycana ərazi bütövlüyünün bərpası üçün çox mühüm üstünlüklər qazandırıb və son sözü döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu deyib – artıq torpaqlarımız azad, Vətənimiz bütövdür!

Qeyd olunub ki, Azərbaycan münaqişəni öz hərbi-siyasi resursları və milli gücü vasitəsilə həll etməklə yeni reallıqlar formalaşdırıb: “Bu reallıqlar sırasında Cənubi Qafqaz regionunda yeni geostrateji situasiyanın yaranması xüsusi yer tutur. Yəni işğal faktına son qoyulub, separatizm aradan qaldırılıb, erməni faşizminin başı əzilib, işğalçı – təcavüzkar qüvvələr layiqincə cəzalandırılıb. Belə olan halda, regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb. Başqa sözlə desək, Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqaz regionunu ziddiyyət və konfrontasiya deyil, əməkdaşlıq və inteqrasiya məkanına çevirir. Digər tərəfdən, Azərbaycanın geosiyasi iradəsi və strateji təşəbbüsü nəticəsində yaradılacaq Zəngəzur dəhlizi Cənubi Qafqazın tamamilə yeni simada dünyaya açılmasını mümkün edəcək. Bu nəqliyyat dəhlizinin reallaşması təkcə regionumuzda deyil, Asiyadan Avropaya doğru geniş coğrafi məkanda həm siyasi, həm ticari-iqtisadi, həm də mədəni-humanitar münasibətlər kontekstində olduqca faydalı və səmərəli nəticələr verəcək. Azərbaycan regionda kommunikasiyaların bərpası ilə əlaqədar prinsipial yanaşma ortaya qoyur – qətiyyətli mövqe sərgiləyir və şübhəsiz ki, bu dəhliz açılacaq, həm ölkəmiz, həm də digər region dövlətləri və regiondankənar qüvvələr yeni əməkdaşlıq platformasından faydalana biləcəklər”.

YAP Sədrinin müavini deyib ki, yeni reallıqlardan biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində nəhəng quruculuq işlərinin aparılması və Böyük Qayıdış prosesinə hazırlıq işlərinin görülməsidir. Onun sözlərinə görə,  Böyük Qayıdış 30 il ərzində torpaqları işğal altında olan dövlətin vətəndaşlarının, soydaşlarımızın, bütövlükdə, Azərbaycan xalqının ən böyük arzularından idi və bu gün biz buna nail oluruq: “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə ardıcıl, sistemli quruculuq işlərinin aparılmasını xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə mühüm layihələr reallaşdırılır. “Ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarının gerçəkləşdirilməsi, beynəlxalq hava limanlarının inşası, səmərəli investisiya və inkişaf mühitinin yaradılması ilə bağlı addımlar və digər tədbirlər həm ölkəmizin sosial-iqtisadi inkişafına, həm Azərbaycanın regionda strateji mövqelərinin möhkəmlənməsinə, həm də ikitərəfli və çoxtərəfli xarici əlaqələrin inkişafına mühüm töhfələr verir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası, iqtisadi potensialdan istifadə olunması inkişafın sürətlənməsinə əlavə təkan olacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq, iqtisadi inkişaf və sosial yüksəlişlə əlaqədar tədbirlərin həyata keçirilməsi qarşıdakı dövrdə Azərbaycanın milli gücünün daha da artmasını təmin edəcək. Şübhəsiz ki, postmüharibə dövründə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmində və gücündə olan Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ardıcıl nailiyyətlər qazanmaqla həm şanlı Qələbəmizin nəticələrinin siyasi, iqtisadi, ideoloji və diplomatik müstəvidə daha da möhkəmləndirilməsinə, həm də yeni nailiyyətlərin qazanılmasına müvəffəq olacaq!”.

YAP Mərkəzi Aparatının rəhbəri xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər doğma Qarabağımızın dirçəlişinə, inkişafına, intibahına, həmçinin milli yaddaşımızın bərpasına mühüm töhfədir. Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə tarixi, dini və mədəni abidələrimizin bərpası bu baxımdan xüsusi qeyd edilməlidir. Eyni zamanda, Fondun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi xüsusi tarixi, siyasi, ictimai və mədəni əhəmiyyətə malikdir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi-mədəni ənənələrini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, xalqımızın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyini, ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub olan insanların vahid ailə kimi sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malik olduğunu növbəti dəfə təsdiqlədi. Bütövlükdə, Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəni quruculuq işlərinin aparılması qalib və bütöv Azərbaycanın şanlı keçimişimizlə müasir reallıqlarımızın vəhdətini təşkil edən yeni simada dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Nəticə etibarilə, bu gün Azərbaycan regionun lider dövləti kimi Cənubi Qafqazdan dünyaya yeni reallıqlar təqdim edir, Prezident İlham Əliyevin təşəbbüsləri və strateji fəaliyyəti nəticəsində bölgədən beynəlxalq aləmə yeni geosiyasi mənzərə açılır. Bu, eyni zamanda, Azərbaycanın qarşısında yeni perspektivlərin yaranması deməkdir”, - deyə Tahir Budaqov vurğulayıb.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş (Şuşa rayonu istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı” mövzusunda çıxış edib. E.Hüseynov bildirib ki, Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizim igid oğullarımız, rəşadətli Azərbaycan Ordusu 44 günlük Zəfər müharibəsinin nəticəsi olaraq şanlı qələbəsini əldə edib: “30 ildən sonra Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Bu şanlı qələbə regionda liderliyini möhkəmləndirən Azərbaycan üçün yeni inkişaf perspektivləri də yaratmış olur. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası, həmin ərazilərdə dayanıqlı sosial və iqtisadi inkişafın təmin edilməsi hökumətin ən mühüm hədəflərindən birinə çevrilib”.

Xüsusi nümayəndə qeyd edib ki, bu günə qədər bir çox ölkələrdə postmünaqişə əraziləri bərpa edilib, insanlar öz yurdlarına qayıdıblar: “Bu ölkələrin təcrübəsindən Azərbaycanda da bu və ya digər formada istifadə etmək mümkündür. Lakin bunu da nəzərə almaq lazımdır ki, hər bir münaqişənin yaranması, onun müddəti, konteksti, dayanıqlılıq səviyyəsi bir-birindən fərqlənir. Qeyd olunmalıdır ki, 30 il ərzində mənfur düşmənin bizim doğma torpaqlarımızda etdiyi vandallığın dünyada analoqu yoxdur. Burada ermənilərin törətdiyi vəhşiliyin iki məqamını xüsusilə qeyd etmək istəyirəm. Bu, dağıntının miqyası və total etnik təmizləmədir. Məhz Qarabağda düşmən bizim tarixi mədəni abidələrimizə, iqtisadiyyatımıza, ekologiyamıza elə bir zərbə vurub ki, bunun fəsadlarını aradan qaldırmaq üçün uzun illər tələb olunacaq. Ağdam, Füzuli, Cəbrayıl kimi rayonlarımızda piyada əleyhinə, tank əleyhinə minaların, partlamamış hərbi sursatların çoxluğu elə bir səviyyədədir ki, dünyada bunun analoqu yoxdur. Bu 30 illik işğal qlobal proseslər fonunda  dünya iqtisadiyyatının elə bir dövrünə təsadüf etdi ki, bu müddət ərzində çox böyük hadisələr baş verib. Bunların sırasında əsasən inqilabi-texnoloji prosesləri vurğulamaq istəyirəm. 30 illik dövr orta əsrlərdə baş versəydi, bunun fəsadları o qədər də bilinməzdi. Amma bu dövrdə dünya iqtisadiyyatında çox böyük inqilabi dəyişikliklər, IV Sənaye İnqilabı baş verdi”.

E.Hüseynov deyib ki, tamamilə dağıdılmış ərazilərin bərpası böyük bir prosesdir və bu baxımdan, prosesin düzgün təşkil olunması onun nəticələri qədər önəmlidir: “Bu prosesi təşkil etmək üçün Azərbaycan hökuməti böyük bir innovasiya tətbiq edir. Bu innovasiyanı, əslində, bir çox ölkələr öyrənmək istəyir və bununla maraqlanır. Prezident İlham Əliyev quruculuq işlərini vahid strategiya əsasında həyata keçirmək məqsədi ilə 24 noyabr 2020-ci ildə xüsusi Əlaqələndirmə Qərargahı yaradıb”.

“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı İnkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Qarabağın yenidən qurulması və orada iqtisadi inkişafın təmin edilməsinin əsas məqsədlərindən biri də müharibədən əvvəl öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin Qarabağa qayıtmasıdır.  Bu, bizim ən ümdə vəzifəmizdir. Bərpa və yenidən qurma işlərinin həcmi, eləcə də yeni salınacaq yaşayış məntəqələrinin miqyası məhz Qarabağa qayıdacaq məcburi köçkünlərin sayını artırır”, - deyə E.Hüseynov vurğulayıb.  

Konfransda “Azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri və innovativ yanaşmalar” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, torpaqlarımızın işğaldan azad olunması 30 illik fasilədən sonra bu diyarlara yeni həyat, dirçəliş ümidi bəxş edib. Nazir qeyd edib ki, ermənilər 30 il ərzində işğal altında qalan ərazilərimizə, sözün əsl mənasında, zülm ediblər. Torpaqlarımız ermənilər tərəfindən barbarlıqla istismar edilib. Bu torpaqlarda ekoloji terror törədilib. Ona görə də cənab Ali Baş Komandan işğal altında olan torpaqlarımızı təkcə  azad etməyib, həm də zülmdən qurtarıb, o torpaqlara böyük mərhəmət, lütf bəxş edib. Təsadüfi deyil ki, cənab Prezidentin azad olunmuş ərazilərimizlə bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb”.

İ.Kərimovun sözlərinə görə, torpaqlarımızın azad edilməsi  bizim qarşımızda bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub: “Qarşımıza qoyulan vəzifələrin uğurla icra olunması üçün quruculuq işlərində ən müasir aqrar innovasiyalar tətbiq olunur. Bunu zəruri edən təkcə aqrar sahədə daha uğurlu nəticələr əldə etmək deyil. İnnovativ yeniliklər həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirməyə kömək edir. Torpaqlarımızın işğaldan azad olunması bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, zəngin örüş, otlaq və yaylaq potensialı heyvandarlığın inkişafına böyük təkan verəcək. Azad olunmuş ərazilərdə quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd azad olunmuş ərazilərə Qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan “Arximed” qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. “Arximed” qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vakum Günəş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də, həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq. Artıq cənab Prezidentin iştirakı ilə Füzuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci “Ağıllı kənd”in təməli qoyulub. Dövlətyarlı kəndində alternativ enerji həlləri məqsədilə Günəş paneli tarlası  salınacaq. Kənddə ağıllı akvakultura sistemlərinin tətbiqi nəticəsində ixracyönümlü balıqçılıq və quşçuluq təsərrüfatlarının qurulması, kartofçuluq üzrə dəyər zəncirinin formalaşdırılması da nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, bölgədə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və Ağdam Sənaye Parkının fəaliyyətə başlaması aqrar emal sənayesinin inkişafını təşviq edəcək: “Bu Sənaye Parklarında yaradılacaq aqrar emal müəssisələri bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Kənd Təsərrüfatı Nazirliyinin bölgədə aparılan bərpa-quruculuq prosesində iştirakı “Ağıllı kəndlərin“ inşası ilə yekunlaşmır. Artıq faktiki əkin sahələri və bağlar barədə peyk məlumatları təhlil olunub, vektorlaşdırılaraq xəritələşdirilib. Mina və hərbi sursatlardan təmizlənmiş ərazilərdə payızlıq və yazlıq əkinlər aparılır. Bölgədə taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülüyün inkişafı üçün də çox böyük potensial mövcuddur”.

Konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təhsil sahəsində də yeni bir səhifə açıb. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun qurulması ilə yanaşı, tarixi hadisənin Azərbaycanda ümumtəhsil sisteminin daha da yaxşılaşmasında, təkmilləşməsində rolu olacaq: “Çünki hər bir sistemi irəli aparan lokomotiv olmalıdır. Vaxtilə işğal altında olan ərazilərimizdə təhsil infrastrukturu da tamamilə dağıdılıb. Ona görə də qarşıda bizi ciddi quruculuq işləri gözləyir. Qarabağda yaradılacaq məktəblər, yəqin ki, Azərbaycan təhsilinin məzmununda və mahiyyətində dəyişikliklər etməyə imkan verəcək. Bütün bu məktəblər mahiyyətinə, dizaynına görə ən müasir infrastruktura malik məktəblər olacaq. İnfrastrukturla yanaşı, məktəblərin içərisində olan ab-hava, məzmun yenidən və tamamilə fərqli müasir tələblərə cavab verən standartlara uyğun qurulmalıdır. Zaman sürətlə dəyişdiyindən təhsilin də məzmununun dəyişməsinə ehtiyac var. Bu mənada, azad edilmiş ərazilərə Böyük Qayıdışın başlaması fonunda təhsildə də yeni məzmunun, yeni yanaşmaların həmin məktəblərdə bərqərar olması qarşıda duran əsas hədəflərdəndir. Həmin məktəblərdə şagirdlərə yeni məzmunlu müasir təhsilin verilməsinə imkan yaranacaq. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə qurulacaq məktəblərdə son dövrlər ərzində rəqəmsal bacarıqlar və STEAM kimi layihələrin daha geniş tətbiqi nəzərdə tutulur. Başqa məsələ işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur, tikinti, quruculuq işləri əmək bazarında ciddi aktivlik yaradacaq. Bu görülən işlərin səmərəliliyini artırmaq üçün ixtisaslı kadrların olması vacibdir”.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda təhsil alan şagirdlərin, tələbələrin bir çoxunun gələcək peşə fəaliyyəti azad olunmuş ərazilərdəki işlərlə bağlı olacaq: “Həmin ərazilərdə peşə təhsilinə olan həvəs və tələb artacaq. Çünki on minlərlə ixtisaslı mütəxəssisin hazırlanmasında peşə təhsilini ən qısa yol hesab edirik. Son illər ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin sayında da ciddi müsbət dinamika var. Lakin keyfiyyət faktorunu aşağı salmadan daha çox abituriyentin ali təhsil alması qarşıda duran hədəflərdən biridir. Azad olunmuş ərazilərdə yeni ali təhsil müəssisələrinin yaradılması müəyyən mənada iki hədəfə çatmağa qısa yol kimi görünə bilər.  Bir tərəfdən həmin ərazilərdə universitetlərin açılması, gənc nəslin orada yaşaması, eyni zamanda, ölkədə ali təhsillə əhatəlilik faizinin daha da artmasına səbəb ola bilər”.

E.Əmrullayev deyib ki, Qarabağda icra olunan “Ağıllı şəhər” və “Ağıllı kənd”, eləcə də “Yaşıl enerji” layihələri öz-özülüyündə elmi araşdırmalar, innovasiyalar tələb edir. Bu tipli elmi tədqiqatların olması ali təhsil müəssisələrin qarşısında yeni imkanlar açır.

Konfransda daha sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal inkişaf dövründə yeni infrastrukturu” mövzusunda çıxış edib. R.Nəbiyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpa edilməsi rəqəmsal transformasiyanın və innovasiyaların inkişafını təmin edəcək ən başlıca amillərdəndir. Bu, bizə imkan verəcək ki, dövlət idarəçiliyində şəffaflığın, effektivliyin, innovasiyaların tətbiqinə nail ola bilək. Onun sözlərinə görə, ölkənin bütün ərazisində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da rəqəmsal transformasiya prosesinə başlamaq üçün insan kapitalının gücləndirilməsi üzrə işlər aparılır. Rəqəmsal transformasiya, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə bu infrastrukturdan istifadə üçün peşakar kadrların yetişdirilməsi vacibdir.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilər ötən bir il ərzində 52 faiz mobil və internet şəbəkəsi ilə əhatə olunub: “Bu inkişaf prosesində yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni işğal olunmuş ərazilər istisna olmaqla 95 faiz təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə azad olunmuş ərazilərdə 52 faizlik nəticə əldə etməyimiz bir daha Azərbaycanın iqtisadi potensialından xəbər verir. Gələn ildən  başlayaraq bu sahənin inkişafına əhəmiyyətli sərmayə yatıracağıq. Nəqliyyat infrasturkturu da bu inkişafı təmin edəcək ən başlıca amillərdəndir.

Nəqliyyat infrastrukturunun yaradılmasına vahid ölkə prizmasından yanaşılır. Dövlət başçısının tapşırığına əsasən, ölkədə vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb. Bu konsepsiyanın hazırlanmasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə yanaşı, beynəlxalq mütəxəssislər də prosesə cəlb edilib. Konsepsiyada hazırda işğaldan azad olunmuş ərazilərdə inşa edilən yolların stress testlərinin nəticələri əks olunub. Stress testləri göstərir ki, azad edilmiş ərazilərdə 1441 km uzunluğunda çəkiləcək yollar 2041-ci ildə də ən pik saatda təxminən yalnız 61 faiz yüklənə biləcək. Bu baxımdan, dünya rekordu isə təxminən 80 faizdir. Bu, bir daha Azərbaycan hökumətinin sözügedən ərazilərdə gördüyü işləri hansı koordinasiya ilə, hansı planlama ilə icra etməsinin bariz nümunəsidir”.

Nazir işğaldan azad olunmuş ərazilərin bərpasında  yeni ideyalar, yeni bazarlar, yeni məhsullar və yeni xidmətlər yaradılmasının təşviq edilməsinə zərurət olduğunu söyləyib: “Bununla bağlı artıq Azərbaycanda rəqəmsal  transformasiya və innovativ inkişaf konsepsiyası hazırlanmaqdadır. Bütün bu məqamlar həmin transformasiya sənədində öz əksini tapir”.

R.Nəbiyev, həmçinin  Zəngəzur dəhlizinin təkcə nəqliyyat sahəsində deyil, həm də digər sferalarda, innovasiya sahəsində də yeni imkanlar yaradacağını vurğulayıb.

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə konfransda “Azərbaycan iqtisadiyyatı və yenidən dirçələn Qarabağ” mövzusunda çıxış edib. S.Ələkbərov bildirib ki, 30 il erməni işğalında olmuş ərazilərimizdə  600-ə yaxın sənaye və kənd təsərrüfatı müəssisəsi viran qoyulub, 1 milyon hektardan çox yararlı torpaq, o cümlədən təxminən 128 min ha suvarılan torpaq minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib və ya digər səbəblərdən bu gün istifadəyə yararsızdır: “Halbuki işğala qədər bu bölgənin iqtisadiyyatı kifayət qədər inkişaf etmişdi və ölkə üzrə üzüm, ət və süd istehsalının böyük bir hissəsi bu ərazilərin payına düşürdü. Təsdiq olunmuş 5 Milli Prioritetdən biri “İşğaldan Azad olunmuş Ərazilərə “Böyük Qayıdış”dır və bu prioretet üzrə 2 strateji məqsəd müəyyənləşdirilib. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” dayanıqlı məskunlaşma çərçivəsində həmin ərazilərdə təhlükəsizliyin təmin olunmasını, ilk növbədə, minalardan və partlamamış hərbi sursatlardan təmizləmə işlərinin başa çatdırılmasını, əhalinin reinteqrasiyasının təmin olunması üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsini və yeni idarəetmə sisteminin yaradılmasını tələb edir. Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb. Eləcə də Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılıb, artıq bu parkın ilk rezidentlərindən biri, Rusiya Federasiyasının “Kamaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” istehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Bu sənaye parklarında fəaliyyət göstərmək istəyən investorlarla fəal iş aparılır. Qarabağın və Şərgi Zəngəzurun bərpa olunan enerji mənbələrindən, ekoloji təmiz və səmərəli yaşıl texnologiyalardan maksimum istifadə etməklə yaşıl enerji zonasına çevrilməsi üçün tədbirlər görülür”.

S.Ələkbərov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına dəstək məqsədilə ölkə başçısının göstərişi ilə bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara mövcud vergi güzəştlərindən əlavə digər vergi və sosial güzəştlərin də verilməsi, onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər hazırlanır: “Həmçinin “İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Lakin təbiidir ki, bu istiqamətlərdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, işğaldan azad olunmuş ərazilərimizdə normal həyat şəraitini bərpa etməklə yanaşı, həmin əraziləri nümunəvi, əhalimiz və turistlər üçün cəlbedici bir bölgəyə çevirək. Təbiidir ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunması iqtisadiyyatımızın nəzərəçarpacaq dərəcədə artmasına öz töhfəsini verəcəkdir. Lakin bu, sadəcə bir artım olmamalıdır. Bu ərazilərdəki münbit torpaqlar və iqlim şəraiti, hər şeyin sıfırdan başlayaraq qurulması bizə imkan verir ki, işğaldan azad olunmuş ərazilərimizdə ən yeni texnologiyalardan, innovativ üsullardan geniş istifadə etməklə istehsal olunacaq məhsulların yüksək rəqabətə davamlı, əsasən ixrac yönümlü olmasını və çox hissəsinin xaricə ixrac olunmasını təmin edək”.

Konfransda “Qarabağa qayıdış: Biznes üçün yeni imkanlar və perspektivlər” mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildrib ki, Vətən müharibəsində qazandığımız qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunması bizə böyük qürur yaşatdı: “Bir il öncə bu tarixi canlı yaşadıq, zəfər xəbərlərini hər gün sevinclə dinlədik.  Bu gün isə artıq Qarabağın bərpası və orada yaradılacaq iş imkanlarını müzakirə edirik. Böyük qələbədən dərhal sonra yerli və xarici sahibkarlardan çoxsaylı təkliflər daxil olmağa başlamışdı. Həmin təkliflər əsasında KOBİA-da məlumat bazası – reyestr formalaşdırıldı. Ötən ilin dekabr ayından başlayaraq Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müvafiq sahələr üzrə müraciətləri bu günə qədər də davam edir. Nəticə olaraq bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 929 müraciət daxil olub. Bunlardan 441 müraciət investisiya layihələri, 488-i isə digər iş və xidmətlərin, əsasən podrat əsaslı layihələrin həyata keçirilməsi ilə bağlı olub. Müraciətlərin 27%-i tikinti işlərini, 27%-i ticarət və xidmət sahəsini, 20%-i sənayeni, 18%-i kənd təsərrüfatını və digər 8%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. Müraciətlərin 111-i Şuşa, 109-u Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı və 13-ü Laçına investisiya yatırılması ilə bağlıdır. Həmçinin 485 müraciətdə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğu bildirilir. Xarici investorlardan daxil olmuş müraciətlərə gəldikdə isə ümumilikdə 31 ölkə üzrə 305 layihə daxil olub. Bunlardan Türkiyə, İran, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər say olaraq üstünlük təşkil edir”.

O.Məmmədovun sözlərinə görə, hazırkı mərhələdə ümumi sayı 44 olmaqla təsdiq edilmiş investisiya layihələrinin həcmi 272 milyon manat təşkil edir. Artıq yaradılmış iş yeri 568 nəfər olmaqla 33 layihə fəaliyyətə başlayır, 11-nin isə icrası davam edir. 44 layihədən 42-si yerli investorların payına düşür.

“Bununla yanaşı, digər qurumlarla birgə yeni layihələrin icrasına start vermişik. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Aqrar Xidmətlər Agentliyi, KOBİA və Zəngilan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarın özünüməşğulluq xidmətindən faydalanması üçün sorğular təşkil edilib və yerli əhalidən ibarət siyahı tərtib edilib. Təsdiq olunmuş siyahı üzrə Zəngilan rayonundan olan 30 vətəndaşa KOBİA tərəfindən müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib və növbəti mərhələdə vətəndaşların Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilməsi gözlənilir. Bütün bunlarla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialı və sərmayə imkanlarına dair aktiv təbliğat işlərinin aparılması fəaliyyət gündəliyimizdə prioritet təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra əhəmiyyətli imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin icrasına şərait yaradacaq.  KOBİA olaraq  işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsini böyük məmnuniyyətlə həyata keçirəcəyik”, - deyə O.Məmmədov vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə konfransda “Zəfərdən Dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxış edib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktının üzə çıxdığını deyən R. Hacıyev bildirib: “İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin təşkili, dayanıqlı iqtisadiyyatın qurulması, ümumilikdə Qarabağın dirçəlişi bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumları qarşısında duran əsas vəzifələrdən biridir. Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənlərimiz və şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə  milyonlarla vəsait ianə ediblər. Ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün dövlətin, cəmiyyətin və diasporumuzun səylərininin birləşdirilməsi olduqca vacibdir. Bu, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə və nəticədə Böyük Qayıdışın daha qısa zamanda həyata keçirilməsinə imkan yaradacaq. Dağıdılmış infrastrukturun, yaşayış binalarının, sosial obyektlərin, eləcə də sənaye və kənd təsərrüfatı obyektlərinin bərpası təkcə əmlakın əvvəlki halına gətirilməsi demək deyil, bu, həm də əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq və regionun iqtisadi məhsuldarlığını artırmaq üçün yeni standartların, texnologiyaların və bütövlükdə innovativ yanaşmaların tətbiqi üçün fürsətlər deməkdir. Bu baxımdan, bərpa işlərinin aparılmasında Prezident İlham Əliyevin müəyyən etdiyi ən müasir standartların və innovativ həllərin tətbiqi konsepsiyası xüsusi əhəmiyyət kəsb edir”.

R.Hacıyev işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin bərpasında Qarabağ Dirçəliş Fondunun müvafiq dövlət qurumları və Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini xüsusi vurğulayıb: “Bizim Heydər Əliyev Fondu ilə bu istiqamətdə sıx əməkdaşlığımız var. Fond işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Memorandum imzalayıb. Digər təşkilatlar da bu Memoranduma qoşularaq qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq edə bilərlər.  “Paşa Holdinq” və “Universal Qrup” şirkətlərinin dəstəyi ilə “Zəfərdən dirçəlişə” şüarı altında Zəngilanda  meşə massivinin salınması layihəsinə start verilib. Bu layihə çərçivəsində 30 min  ağacın əkilməsi planlaşdırılır”.

O, qarşıdakı dövrdə Fondun icra edəcəyi layihələrin daha çox olacağını da diqqətə çatdırıb.

Yekunda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransda ölkəmizin inkişafı və qarşıda dayanan hədəflərlə bağlı ətraflı məruzələrin təqdim olunduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla Zəfərə doğru irəliləyən cənab Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının üzvləri adından təbrik edib, dövlətimizin başçısına uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın gələcək möhtəşəm zəfərlər qazanması uğrundakı fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə konfrans iştirakçıları adından Müraciət qəbul olunub.

Qeyd edək ki, konfrans Milli Məclisin deputatları Fatma Yıldırım və Ramin Məmmədovun moderatorluğu ilə “II Qarabağ savaşının yaratdığı geostrateji reallıq yeni dünya nizamı kontekstində” və Milli Məclisin deputatı Hikmət Babaoğlu və Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədovun moderatorluğu ilə “Qarabağ və yeni regional iqtisadi mənzərə: çağırışlar, perspektivlər” mövzusunda panel iclaslarla davam edib.

Panel iclaslarında mövzularla bağlı çıxışlar dinlənilib, iştirakçıların çoxsaylı suaları cavablandırılıb.